"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi davamlı olaraq BƏƏ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə yeni imkanlar araşdırır. Bu baxımdan, təhsil və bilik sahəsində əməkdaşlıq bu məqsədə töfhə verə bilər".
Bu sözlər BƏƏ-nin ölkəmizdəki Səfirliyinin Müvəqqəti işlər vəkili Abdulla əl-Şəmsinin Hafta.az-a göndərdiyi məqalədə deyilir. Bildirilir ki, BƏƏ həm dövlət, həm də özəl sektorda iqtisadiyyatı idarə edib irəliyə aparmaq üçün gələcək nəsilləri lazımi texniki və praktiki bacarıqlarla təmin etməyi hədəfləyən 2030-cu il Ali Təhsil üçün Milli Strategiya hazırlayıb. Strategiya, həmçinin, bilik, iqtisadiyyat, sahibkarlıq və BƏƏ-nin əmək bazarının ümumi inkişafı kimi həyati vacib sahələrdə davamlı inkişaf naminə BƏƏ mütəxəssislər nəslini yetişdirməyi hədəfləyir.
BƏƏ bərpaolunan enerji, nəqliyyat, təhsil, səhiyyə, texnologiya, su və kosmosa yönəlik Milli İnnovasiya Strategiyasını da hazırlayıb.

Qabaqcıl İnnovasiya Milli Strategiyası bunları nəzərdə tutur: araşdırma, gələcəyə yönəlik bacarıqlar, səhiyyənin keyfiyyəti, yaşayış və həyat, yaşıl enerji, nəqliyyat, bəşəriyyətə xidmət edəcək texnologiyadan istifadə.
Qeyd edilir ki, Azərbaycanlı tələbələr, müxtəlif təhsil və mədəni təcrübələri qazandıran bir sıra mövcud mübadilə proqramlarına müraciət edə bilərlər. Əmirliklərdəki bir çox universitetlər, BƏƏ hökuməti ilə digər ölkələr arasında qarşılıqlı müqavilələrə əsasən xaricdən gələn tələbələr üçün təqaüd təklif edir. Digər təqaüdlər üçün tələbələr, müəyyən meyarlara və tələblərə əsaslanan mövcud akademik və idman təqaüd proqramları üçün müvafiq universitetlə əlaqə saxlaya bilərlər. BƏƏ-də Əbu Dabi Universiteti, Xəlifə Elm, Texnologiya və Tədqiqat Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti kimi yerli nüfuzlu universitetlərlə yanaşı, Əbu Dabidə yerləşən Paris Sorbonne Universiteti, Nyu York Universiteti, INSEAD - Dünya üçün Biznes Məktəbi kimi dünyanın ən yaxşı universitetlərinin filialları da var.

"Dubayda bilik parkı yaradılıb. Park Regiounun ən görkəmli təlim mərkəzi, etibarlı biznes tərəfdaşı və peşəkar inkişaf üçün mükəmməl bir mərkəzdir. Dubay Bilik Parkının inteqrasiya olunmuş infrastrukturu və dəstəkləyici mühiti, onu regionun ən çox axtarılan mərkəzinə çevirib. Beləliklə, Dubay həm də istedad inkişaf mərkəzidir. Bu ərazidə sərgilər, seminarlar, şəbəkə tədbirləri (networking), konfranslar və daha bir sıra tədbirlər təşkil edilə bilər", - məqalədə deyilir.
Daha sonra göstərilir ki, BƏƏ ilə Azərbaycanı biri-birinə bənzədən mütərəqqi, təhlükəsiz, əlverişli yerləşmə mövqeyi və futuristik baxışa sahib olmaq kimi spesifik amillərin olduğunu nəzərə alsaq, aşağıdakılar əməkdaşlıq üçün yaxşı bir zəmin ola bilər:
1. Bilik parkı təcrübəsinin mübadiləsi,
2. Tələbə/tədqiqatçı mübadiləsi imkanları,
3. Prioritet sahələr üzrə qarşılıqlı təlim proqramları.