"Sizinlə keçirdiyim iki il həmişəlik yaddaşımda və ürəyimdə qalacaq" - Əlcəzair səfiri

10:40 26.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycandakı diplomatik missiyam oktyabrın sonunda başa çatır və yola düşmə ərəfəsində hisslərimi ifadə etmək, vidalaşmaq üçün uyğun söz tapmaq mənim üçün çətindir. Sizinlə keçirdiyim iki il həmişəlik yaddaşımda və ürəyimdə qalacaq".

Bu sözləri Əlcəzairin ölkəmizdəki səfiri xanım Səlimə Əbdülhaqqın Hafta.az-a göndərdiyi vida məktubunda deyilir. Xanım diplomat qeyd edir ki, o, Əlcəzair hakimiyyətinin 2015-ci ildən artıq Bakıda fəaliyyət göstərməyə başlayan diplomatik nümayəndəliyinin səviyyəsini yüksəltmək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri daha da gücləndirməsi üçün Azərbaycanda Səfirlik açmaq məqsədilə təyin olunub və qarşıya qoyulan məqsədə çatılıb. Budur, hazırda Əlcəzair səfirliyi Azərbaycanda akkreditə olunmuş 72 diplomatik nümayəndəlikdən biridir.

"Mən koronavirus pandemiyasının qoyduğu məhdudiyyətləri dəf etməyə həvəsləndirən bu “Odlar diyarında” Əlcəzairin ilk səfiri olmaq şərəfinə nail oldum. Səfirlik ofisinin və İqamətgahın seçilməsinə Bakının infrastrukturunun keyfiyyəti çox kömək etdi. Şəhidlərinin müqaviməti və fədakarlığı rəmzi olan Əlcəzair bayrağını Səfirlikdə dalğalandırmaq üçün Bakının məşhur bulvarını və Xəzərin gözəl buxtasını seçdim" deyən xanım Əbdülhaq əlavə edib ki, koronavirusla bağlı məhdudiyyətlərə baxmayaraq, Səfirlik dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı bir sıra tədbirlər, müsahibələr və vizio-konfrans keçirib. Diplomat qeyd edir ki, Azərbaycan ədəbiyyatının bu böyük siması onu filosof, mütəfəkkir, uzaqgörən və bu gün beynəlxalq humanitar hüquq adlandırdığımız hər şeyin atası sayılan Əmir Abdelkaderi xatırlamağa ruhlandırıb.

"Mən sizin ölkənizi və xalqınızı tanıdım, aşkar etdim ki, bizim çoxlu ortaq cəhətlərimiz var. Bunlar xüsusən də suverenliyimizə, müstəqilliyimizə və ərazi bütövlüyümüzə bağlılığımız, sülh və inkişafa can atmağımızdır. İqtisadiyyatımızın şaxələndirilməsi və onun karbohidrogenlərdən asılılığının azaldılması ilə bağlı eyni vəzifəmiz var. Təbii sərvətlərimizə və xalqlarımızın əzmkarlığına arxalanaraq çağırışların öhdəsindən gəlmək üçün böyük potensialımızın fərqindəyik. Mən əməkdaşlıq potensialını araşdırdım və bir neçə sahədə onların saysız-hesabsız olduğunu müəyyən etdim. Əlcəzair və Bakıda bəzi proqramlara start verilib, təyinatlar olub. Bütün bunlar mənim xələfimin də gündəmində olacaq", - deyib səfir xanım Səlimə Əbdülhaq.

Xanım diplomat yazır ki, sitat: missiyam zamanı mənə göstərdiyiniz səmimi qarşılama və hərtərəfli köməyiniz olmasaydı, missiyamı yerinə yetirməkdə çətinlik çəkərdim. Qurumlar və dövlət səlahiyyətliləri, eyni zamanda bütün xalq və vətəndaş cəmiyyəti qapılarını üzümə açdılar.

"Əlcəzairli, müqavimətli və mübariz millətin vətəndaşı, xüsusilə də bir xanım olaraq mənə çox böyük hörmət göstərildi. Mən onların çoxşaxəli, müəyyən aspektlərdə Azərbaycan mədəniyyətinə çox yaxın olan mədəniyyətimizə maraq göstərmələrini xüsusi qiymətləndirdim. Ölkəmi bütün ölçüləri ilə: tarixi, mədəni, iqtisadi və bilik dünyası ilə tanımaq üçün birbaşa əlaqəyə üstünlük verən və onun köşələrinə çıxış imkanı verən mətbuata təşəkkürümü bildirirəm. ADA, Xəzər, UFAS Universiteti və digər beyin mərkəzləri, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Müqayisəli Ədəbiyyat Assosiasiyası və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və digərlərinin rəhbərləri mənimlə görüş keçirərək və fikir və məlumat mübadiləsi apardılar. Bu çoxşaxəli təmaslar mənə qardaş və qonaqpərvər xalqı dərindən tanımağı öyrətdi, onların tarixində böyük bir anı yaşamaq şərəfinə nail oldum" deyən səfir xanım Səlimə Əbdülhaq əlavə edir ki, o, şəxsi yükləri arasında Azərbaycanın rəngləri ilə dolu virtual çemodan da aparır. O, həm də siyasi, sosial, iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirmək üçün öz kiçik əməyini sərf etdiyinə inanaraq Bakıdan ayrılır. 

Diplomat qeyd edir ki, zaman keçdikcə dövlət başçılarımızın xüsusi səyləri, hökumətlərimizin və xalqlarımızın birgə əməkləri nəticəsində əlaqələrimiz daha da güclənəcək.

Oxunma sayı 3540