"İlk fürsətdə azad edilmiş torpaqlara səfər edəcəyəm. İlk dəfə Bakıda çalışdığım dönəmdə tədbirlərdə “...Türkün bayrağını Qarabağda asacağıq” kimi mahnıları dinləyərdik. Mən 2003-2007-ci illərdə Bakıda olarkən Qarabağı dillərdən eşidirdimsə, indiki ikinci fəaliyyət dövrümdə bu torpaqlar artıq azaddır və bu məni çox sevindirir, necə ki sizləri də çox qürurlandırır".
Bu sözləri Hafta.az-a müsahibəsində Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Mustafa kamal Bəyazbayram deyib. Diplomat qeyd edib ki, ən qısa vaxtda azad edilmiş torpaqlarda iqtisadi-sosial quruculuq işləri başa çatacaq və həmin torpaqlar da Bakı kimi gözəlləşəcək, inkişaf edəcək.
"Əvvəlki fəaliyyətim dövründə Azərbaycanın çox yerlərini gəzib görmüşəm. Quba, Qusar, Şəki, Nabran, Bərdə, Şamaxı və sair kimi bölgələrdə olmuşam. Qismət olarsa, Qarabağı da ziyarət edərəm. Əlbəttə, bildiyim qədər, hazırda azad edilmiş ərazilərə giriş məhdudiyyəti var, ora ancaq dövlət tərəfindən təşkil edilmiş xüsusi səfərlər çərçivəsində getmək mümkündür. Nə vaxt dəvət etsələr, canla-başla getməyə hazıram", - o, bildirib.