"Türkiyə Misirdə 1000 zavod tikməyi hədəfləyir" - SƏFİR

09:10 09.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Misirdəki səfiri Salih Mutlu Şən ölkəsinin yaxın illərdə Misirdə 1000 dənə zavod qurmaq məqsədilə iki sənaye zonası yaratmağı planlaşdırdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, səfir Şən “TRT Arabia” kanalına verdiyi müsahibədə bildirib ki, Türkiyə şirkəti ilə Misir Sənaye Nazirliyi arasında ümumi sahəsi 5 milyon kvadratmetr olan iki ayrı sənaye zonasının yaradılmasına dair müqavilə imzalanıb.

Səfir yaxın 5-10 ildə bu sənaye zonalarında 1000 zavodun tikiləcəyini və burada ən azı 50 min insanın işlə təmin olunacağını bildirib.

O, iki ölkə arasında xüsusilə iqtisadi, ticarət və incəsənət sahələrində əməkdaşlığın artacağını və bu əməkdaşlığın Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ötən ay Ankaraya səfəri zamanı imzalanan sazişlər çərçivəsində inkişaf edəcəyini vurğulayıb.

Misir və Türkiyə qarşıdakı 5 ildə ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyir.

Səfir bu il iki ölkə arasında ticarət həcmində rekord səviyyəyə çatmağı hədəflədiklərini və mayeləşdirilmiş təbii qaz istisna olmaqla ticarət həcminin 9,5 milyard dollara yaxınlaşdığını bildirib. Buna görə də o, bəyan edib ki, 15 milyard dollarlıq hədəf kifayət qədər reallaşdırıla bilər.

Hazır geyim sənayesinin bu əməkdaşlıqda mühüm yer tutduğuna diqqət çəkən səfir Şən, tekstilin əmək tutumlu bir sektor olduğunu, Türkiyənin Yaxın Şərq, Avropa və dünyanın hazır geyim sahəsində lider ölkələrindən biri olduğunu bildirib. O, Misirin böyük işçi qüvvəsinə malik böyük bir bazar olduğuna da diqqət çəkib.

Səfir türk sərmayədarlarla Misir rəsmiləri arasında çox yaxşı əməkdaşlığın olduğunu və türk şirkətlərinin əsasən ixrac üçün məhsul istehsal etdiyini vurğulayıb. O, bu istehsalın həm Misir, həm də Türkiyə iqtisadiyyatına əhəmiyyətli töhfələr verdiyini bildirib.

Son olaraq səfir Şən Türkiyənin Misirdəki investisiyalarının böyük ölçüdə sənaye sektorunda cəmləşdiyini və iki ölkə arasında qazan-qazan yanaşması çərçivəsində Misirin tekstil sahəsində gələcəyinin son dərəcə parlaq olduğunu bildirib.