"Ukraynaya dəstək üçün əlimizdən gələni edəcəyik", - Maya Sandu

11:25 08.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldova prezidenti Maya Sandu Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının 500-cü günü münasibətilə şənbə günü öz ölkəsinin vətəndaşlarına müraciət dərc edib.

Hafta.az-ın yazdığına görə, xanım Sandu müraciətində Rusiyanın işğalının günahsız mülki əhalinin ölümünə səbəb olduğunu, eləcə də xüsusilə Buça, İrpin, Qostomel və Borodiankada müharibə cinayətləri törədildiyini vurğulayıb, bombalarla öldürülən və ya şikəst olan, zorlanmış qadınların, uşaqların olduğunu qeyd edib.

"Hakimiyyətdə olanlar, qadınlar və kişilər silaha sarılaraq vətənlərini müdafiə etmək üçün ayağa qalxdılar. Milyonlarla uşaqlı analar və qocalar evlərini tərk edərək zirzəmilərdə, metro stansiyalarında gizlənməyə və ya Ukraynanın başqa bölgələrinə, hətta xarici ölkələrə qaçmağa məcbur oldular”, - o, əlavə edib.

Prezident Sandu deyib ki, məhz Ukrayna hərbçilərinin cəsarəti, mülki əhalinin müqaviməti sayəsində Moldovada sülh mövcuddur. "Biz Ukrayna ilə həmrəyik və onlara yaxın olmaq üçün əlimizdən gələni edəcəyik", - Moldova prezidenti vurğulayıb.

Sandu əmin edib ki, Moldova bundan sonra da ukraynalıları qəbul edəcək, Ukrayna məhsullarının daşınmasına kömək edəcək və hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasına dəstək verəcək.

Siyasət rubrikasından digər xəbərlər