Rusiya Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Təyin edilən nümayəndənin Rusiyanın ATƏT-in Minsk Qrupundakı sonuncu həmsədri İqor Xovayev olması diqqət çəkir. Kremlin bu addımından hansı nəticələri çıxarmaq olar?
Politoloq Turan Rzayev hafta.az-a bildirib ki, rəsmi Moskva bununla ATƏT-in Minsk Qrupundan çıxdığını rəsmən elan etmiş oldu.
“Kremlin belə bir addım atacağı onsuz da bəlli idi. Məsələ ondadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında açq demişdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər. Digər tərəfdən də Brüssel görüşündə Avropanın vasitəçiliyi ilə real nəticələrin əldə edilməsi Kreml üçün arzuolunmaz nəticədir. Buna görə də Rusiya xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özünün çıxdığını elan etmiş oldu”.
Politoloq digər tərəfdən qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ı yaxından izləyir. Onun fikrincə, aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığı da bu formatın uğurlu nəticə verəcəyinə dair ümidləri artırır. Kreml onun da fərqindədir ki, “ikitərəfli format” Brüsselin vasitəçiliyi ilə müsbət nəticələr əldə edir.
“İndiki məqamda Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ın əldə edəcəyi uğurlardan Brüsselin qazanclı çıxmasını istəmir. Digər tərəfdən, iki ölkə arasında mövcud münaqişələrin bütünlüklə həll edilməsi də Kremlin maraqlarına uyğun deyil. Rəsmi Moskva xüsusi nümayəndəsi ilə prosesə qoşulmaq, iki ölkə arasında mövcud gərginliyin Kreml moderatorluğunda yarımçıq həllini istəyir”.
T.Rzayev hesab edir ki, indiki məqamda Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format” öz işini uğurla davam etdirir.
“Real nəticələr, konstruktiv danışıqlar davam edir. Ermənistan tərəfi də mövcud reallıqları qəbul edir. Bununla belə Rusiyanı prosesdən kənarda saxlamaq mümkün deyil. Lakin neytrallaşdırmaq, hətta lehimizə veriləcək qərarlarda istifadə etmək mümkündür. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Buradan belə bir nəticəyə gəlmək olar ki, Kreml Brüssel görüşünün nəticələrini qəbul edir.
İndiki məqamda Kreml istəsə belə prosesi dalana dirədəcək neqativ addımlardan çəkinməlidir. Kremlin atacağı neqativ addımlara Brüssel konstruktiv addımlar ilə cavab versə bu həm İrəvanın, həm də Bakının Moskvadan uzaqlaşmasına səbəb olacaq. Kreml göz görə-görə bu səhvi etməyəcək. Hesab edirəm bu məqamdan öz lehimizə istifadə edə bilərik”.
O ki qaldı ATƏT-in Minsk Qrupunun taleyinin necə olacağına politoloq artıq onun taleyinin 44 günlük müharibədə həll olunduğunu deyib.
“44 günlük müharibə sonrası imzalanan 10 noyabr bəyannaməsi ilə faktiki olaraq ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” də bitmiş oldu. Hazırda qurum mandatsızdır. Bununla belə ATƏT-in Minsk Qrupu büsbütün ləğv edilməyib. Həmsədrlərdən biri olan Rusiyanın formatdan çıxması hələ formatın ləğv edilməsi mənasına gəlmir. Digər həmsədrlərin də rəsmi Moskva kimi formatdan çıxdığını elan etməsinin ardınca ATƏT-in Minsk Qrupunun ləğvindən danışmaq olar”.