2,5 milyard dollar yoxa çıxıb - MALİYYƏ NAZİRLİYİ ARAŞDIRMAĞA BAŞLAYIB

14:45 16.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqda Baş Vergilər İdarəsinə məxsus 2,5 milyard dollarlıq bank əmanətinin dövlət bankından oğurlandığı məlum olub.

Haftaş.az-ın yazdığına görə, INA-nın yaydığı xəbərə əsasən, Maliyyə Nazirliyi Şəffaflıq İnstitutuna dövlət bankından oğurlandığı iddia edilən vəsaitlərlə bağlı araşdırmaya başlamaq üçün rəsmi məktub göndərib. Öz növbəsiundə, Şəffaflıq Qurumundan verilən yazılı açıqlamada mövzu ilə bağlı araşdırma başlanıldığı və məsələnin məhkəmə müstəvisinə çıxarıldığı bildirilib.

İraqda yeni hökuməti qurmaqla vəzifələndirilən Məhəmməd Şia es-Sudani də mövzu ilə bağlı açıqlama verib. O, verdiyi yazılı açıqlamada "Dövlət qurumlarına amansız şəkildə yayılan korrupsiyanın qarşısının alınmasında heç vaxt geri addım atmayacağıq və bu məsələni hökumət proqramımızın ən üstünə qoymuşuq. İraq xalqının pullarını oğurlamağa kimsəyə icazə verməyəcəyik" bildirib.

İraq Parlamenti sədrinin birinci müavini Möhsün Mendelavi də yoxa çıxan 2,5 milyard dollar məsələsinin asanlıqla diqqətdən kənarda qalmayacağını ifadə edərək, parlamentin məsələ ilə bağlı qəti mövqe sərgiləyəcəyini vurğulayıb.

Bu arada, İraq Parlamentinin Kürdüstan Demokratik Partiyasından (KDP) olan deputatı Məcid Şenqali baş nazir Mustafa Əl-Kazımi ilə keçmiş maliyyə nazirləri və nazirlikdəki əlaqədar məsul şəxslərin mövzu ilə bağlı araşdırmalar tamamlanana qədər xaricə uçuşlarının qadağan edilməsini istəyib. O, həmçinin Məclisi məsələ ilə bağlı növbədənkənar iclas keçirməyə çağırıb.