20 YANVAR 36 il sonra…

12:59 19.01.2026
Yazını böyüt
Yazını kiçilt

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… sovet ordusunun Bakıda Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan 36 il keçir. Bu faciədə 147 nəfər Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Amma cinayətkarlar hələ də beynəlxalq ədalət məhkəmələrində məsuliyyətə cəlb olunmayıb. Bu da qlobal dünyanın ikilistandartlı yanaşmları, gücün büynəlxlq hüququq üstələməsinin göstəricisi olaraq bu gün də özünü göstərməkdədir…

Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə sovet rejimi tanklarla, avtomatlarla bu millətin azadlıq, müstəqillik səsini boğmağa çalışdı, amma… Azərbaycan Demokratik Cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi – bir kərə yüksələn o azadlıq bayrağı bir daha enmədi… Azərbaycan xalqının başına gətirilən qanlı hadisə dövlətin müstəqilliyinin, suverenliyinin mayakını - bayrağını səmasının üzərində dalğalandırdı. Sovet tankları Azərbaycanın azadlığını əlindən almaq üçün paytaxt Bakıya qırğına göndərilərkən bu millət, xalq öz sinəsini düşmənə sipər etdi. Azərbaycan xalqı yağıların istilaçı siyasətinə qarşı əliyalın çıxaraq həmin qanlı gecə canından keçdi.

20 Yanvar, baş verən qətliam millətin faciəsi kimi, ağrı-acı ilə anılsa da, hadisənin günahkarlarının ədalət məhkəməsi, beynəlxalq hüquq qarşısında cəzalandırılması tələbi ilə çıxışı cavabsız qalsa da, həmin gün həm də millətin oyanışı, azadlıq, müstəqillik mücadiləsi, qəhrəmanlığının bir səlnaməsi kimi tariximizə həkk olundu. Tarix sübut edir ki, özünün azadlığı müstəqilliyi uğrunda canlar verən millət daha da bərkiyir, birləşir, möhkəmlənir.

20 Yanvar hadisəsi Azərbaycan xalqının sovet rejiminin buxovlarından qurtulması, öz sözünün ağası olması üçün atılan qətiyyətli addım, yumruq olmaq üçün düşmən üzərinə qaldırılan əllər idi. Azərbaycan xalqı özünün vahidliyini qazanmaq üçün düz 30 il istər daxili, istər xarici təsirlərə qarşı dayandı, torpaqlarının düşmən tərəfindən işğalda saxlanılmasına, milyondan çox insanının məcburi köçkün həyatı yaşamasına, bütün ərazilərinin tarixi-mədəniyyət abidələrinin yağmalanmasna, məhv edilməsinə ağrı-acı ilə dözərək, nəhayət yumruq kimi birləşdi və 30 il sonra düşmənin başını əzib qovdu, müstəqilliyini bərpa etdi…

Ona görə də 20 Yanvar faciəsi Azərbaycan dövlətinin, xalqının, millətinin müstəqilliyə gedən yolda ayaq qoyduğu ilk pillə kimi dəyərləndirilir. O yolun sonu - Zəfər, Azərbaycanın suverenliyi, müstəqilliyi, Qərbi Zəngəzura gedən yolun başlanğıcı olacaq. Artıq Azərbaycan xalqı 20 Yanvar şəhidlərini azadlıq mücahidləri, qəhrəmanları, Şəhidləri kimi böyük qürur, ehtiram hissi ilə yad edir.

Artıq qırmızı qərənfillər Şəhidlər Xiyabanını al rəngə boyayıb. Artıq Şəhidlərin uğrunda mübarizə aprdıqları, can verdikləri torpaq, dövlət müstəqil, torpaqlarımız azaddır. Qarşımızda böyük maneələr bu gün də var və Yolumuz Zəngəzuradır…

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən biridir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür:

“20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Tahirə Qafarlı