2020-in son günlərini yaşayırıq. Bu il gözləntilərin əksinə, bütün dünyada fərqli hadisələrin cərəyan etdiyi bir dövr oldu. Ötən ilin sonlarından başlayaraq, 80 milyon insanın yoluxduğu, təxmini 1.8 milyon nəfərin isə həyatına son qoyan Covid-19, 2020-ci ildə gündəmi tamamilə ələ aldı.
Karantin dövrü, xəstəlik, ölüm halları ilə yanaşı bu il, dünyada başqa önəmli hadisələr də yaşandı. Xüsusən də ölkəmiz üçün, uzun illərdir həsrətində olduğumuz Qarabağımızı gətirdi. Ya da, bizi Qarabağa apardı deyək…
Bəs görəsən 2020 ədiblər üçün hansı hadisələrlə yadda qaldı? Bu il, növbəti illərdə ədəbiyyatımızı inkişaf etdirəcək əsaslı bir motivasiya -vətən müharibəsi oldu, müharibədən sonrakı poeziyamız necə inkişaf edə bilər?
Bütün bu suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı yazıçılara müraciət etdi.
Əvvəlcə Yazıçılar Birliyinin sədri Anar düşüncələrini bizimlə bölüşdü. Onun sözlərinə görə, bu il bütün həmvətənlərimizin xatirələrində unudulmaz anlarla yad ediləcək:

“2020 hər birimizin həyatında dərin izlər qoymuş oldu. Bu il baş vermiş sevincli hadisə odur ki, torpaqlarımız uzun illərdən sonra işğal altından azad edildi. Kədərli olan isə pandemiya və karantin rejimidir. Yəqin ki torpaqlarımızın azadlığı növbəti illərdə hər birimizin yaradıcılığına öz təsirini göstərəcək. Şübhəsiz bu il baş vermiş hadisələr, poeziyamızın və yaradıcılıq sahəsinin növbəti illərdəki inkişafına böyük təkandır”.
Daha sonra, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı 2020-ci ilin, xatirəsində buraxdığı izlərdən söz açdı.

Şair deyir ki, 2020-ci ilin əvvəlləri, pandemiya səbəbi ilə bizlərdə elə də xoş təəssürat oyatmadı. Lakin artıq sentyabr ayının əvvəlindən başlayaraq ölkəmiz üçün baş verən önəmli hadisələr ilin uğurlu olduğunu söyləməyə kifayət edir:
“Yay aylarından etibarən biz, düşmənə uzun illərdən bəri layiq olduğu cavabı verdik. Nəhayət düşmən təxribatına qarşı əks hücum əməliyyatları başladı. Bu müddət ərzində, rəqib siyasi partiyalar dövlətin Qarabağın azadlığı naminə verdiyi qərarlara dəstək nümayiş etdirdi. Qələbəmizdə hər kəsin imzası var, analar övladlarını cəbhəyə yoladı, şəhidlərimiz, qazilərimiz oldu. Kimisi də öz yazılarında, fəaliyyətində birliyimizi nümayiş etdirdi. 44 günlük müharibə dövründə, tez-tez efirlərdə oldum, müxtəlif şeirlərim yayımlandı.”
Xalq şairi onu da qeyd etdi ki, tarixi qələbəmiz həm də yaşayıb yaratmaq üçün, yeni bir ilham mənbəyidir.
“Təbii ki Qarabağın azad edilməsi ölkəmiz üçün yeni bir dövrün başlanğıcıdır. İndiyə qədər üstümüzə bir ağırlıq çökmüşdü, məğlubiyyət psixologiyası hər birimizin əl-qolunu bağlamışdı, içimizdə yarımçıqlıq kompleksi var idi. O bitdikdən sonra ilhamın da qanadları açılır. İndi biz, yarımçıq qalan işlərimizi sürətlə davam etdirəcəyik. İnşallah qarabağa yollar açılandan sonra, o yollarla bərabər yeni mövzular da açılacaq”.
Növbəti müsahibimiz gənc nəsil şairlər arasında tanınan isim, Ulucay Akif oldu.

O deyir ki, bu günə qədər heç bir şeirində məğlubiyyət nisgilini hiss etdirməyib, qələbəyə inanıb, elə bu ruhda da yazıb-yaradıb:
“Bu il çox əhəmiyyətli hadisələrə şahid olduq. Ən əsası, Qarabağı işğaldan azad etdik ki, bu da mütləq mədəniyyətin bütün sahələrinə müsbət təsirini göstərəcək. İndi hələ hadisələr istidi, daşlar yerinə oturduqca çox gözəl əsərlər yaradılacaq, buna əminəm. Şəxsən mən heç vaxt Vətən haqqında ümidsiz, sadəcə kədərdən ibarət şeirlər yazmamışam. Şeirlərimi müharibədən əvvəl də qələbə ruhunda, ümidli yazırdım. İnsanları həmişə müsbətə kökləmək lazımdı. İndi qalib tərəf bizik, qələbə şeirlərimiz çox olacaq”.
Gənc şair sonda koronavirusun onun yaradıcılığına da, təsirsiz ötüşmədiyini vurğuladı:
“Pandemiyanın səbəb olduğu karantin isə yaradıcılıq baxımından mənə elə də yaxşı təsir etmir. Çünki mən gəzməyi sevən adamam, elə daha çox yazmaq həvəsim oyanır. Ümid edirəm, tezliklə bütün bu qadağalar aradan qalxacaq, təzədən əvvəlki kimi normal günlərə qayıdacağıq”.
Sonda biz də onu deyə bilərik ki, 2020 hər nə qədər çətinliklərlə gəlsə də, bizi arzularımıza qovuşdurdu. İnanırıq ki, bu il baş verənlər nəinki yaradıcılıq sahəsində elə fəaliyyətin bütün növlərində növbəti illər üçün yeni qapıların açarıdır. Xalqımız yeni başlanğıclara qələbə ilə qədəm qoyur.