2021-də itirdiyimiz məşhurlar...

11:36 30.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə həyatımıza daxil olan koronavirus bir çox insanın ölümünə səbəb oldu. Ekranlardan tanıdığımız məşhur adlar, mədəniyyətimizin dəyərli simaları da 2021-ci ildə dünyasını dəyişdi. Onlardan bəziləri epidemiya səbəbindən həyatını itirərkən, bəziləri xroniki xəstəliklər, qəza və ya infarkt səbəbiylə vəfat edib. Budur, 2021-ci ildə itirdiklərimiz...

Nailə Mirməmmədli

Yeni il başlar-başlamaz incəsənət aləminə ağır itki üz verdi. Bəstəkar, Əməkdar incəsənət xadimi, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli 4 yanvar tarixində vəfat etdi.

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alıb, Tofiq Quliyevin ilk və son tələbəsi idi. Nəzərinizə çatdıraq ki, Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır.

Yalçın Rzazadə

 Azərbaycanın Xalq artisti Yalçın Rzazadə də bu il əbədiyyətə qovuşanlar sırrasındadır.  

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. "Dədə Qorqud", "Gün keçdi", "Qayınana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" filmlərinin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib. Bu ilin 22 fevral tarixində uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Baloğlan Əşrəfov

Əməkdar artist Baloğlan Əşrəfov 26 aprel tarixində – 69 yaşında vəfat edib.

Mərhum ifaçı günümüzün bəlası olan koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.

Diqqətinizə çatdıraq ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Azad Rəhimov

Bu ilin 30 aprel tarixində ABŞ-da müalicə olunan gənclər və idman naziri Azad Rəhimov 57 yaşında vəfat edib.

Mərhum nazir 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.

Aslan Hüseynov

İfaçı Aslan Hüseynov 2021-ci ildə faciəvi şəkildə aramızdan ayrıldı. O, 4 may 2021-ci ildə yol-nəqliyyat qəzasında vəfat etmişdir. Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşmuşdur. 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdir. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib

Qeyd edək ki, Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub.

Fikrət Qoca

Müasir ədəbiyyat tariximizə böyük töhfələr verən Azərbaycan Respublikasınının Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Fikrət Qoca 5 mayda vəfat etdi.

Xalq şairi 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur.

Onun əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Musa Yaqub

Yazdığı ayrılıq və sevgi şeirləri ilə poeziyasevərlərin yaddaşında əbəbdi yaşayacaq olan Xalq şairi Musa Yaqub bu ilin 7 may tarixində dünyasını dəyişdi.

Qeyd edək ki, Xalq şairi 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Buynuz kənd 8 illik məktəbinin müdiri, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb, "Zəhmətkeş" qəzetinin redaktoru olub. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri vəzifəsini icra edib.

Arif Quliyev

Azərbaycanın Xalq artisti, uşaqdan-böyüyə hər kəsin sevimlisi olan Arif Quliyev 7 mayda  dünyadan köçdü.

Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün süni tənəffüs aparatına qoşulmuşdu.

Tahir Salahov

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 21 may tarixində vəfat etdi.

O, 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub.

T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.

Zöhrə Abdullayeva

Şuşanın incəsənətimizə bəxş etdiyi sevilən ifaçı Zöhrə Abdullayeva da 2021-ci ilin bizdən alıb apardıqları sırasındadır.

Sklerodermiya xəstəliyindən əziyyət çəkən Z.Abdullayeva 28 may günü 68 yaşında dünyasını dəyişdi.

Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl "Lalə qızlar ansamblı"nın, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Mərhum sənətçi daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib.

Ramiz Əzizbəyli

9 iyunda Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli 73 yaşında dünyasını dəyişdi. Ölümündən qısa müddət öncə koronavirusa yoluxmuş kinorejissor, daha sonra infarkt keçirmişdi.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Səməd Səmədov

24 iyulda Azərbaycanın xalq artisti Səməd Səmədov 74 yaşında həyatını itirdi.

Xalq artisti də koronavirus pandemiyasının qurbanı oldu.  

Sevilən estrada müğənnisi 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuşdu. 1988-ci ildən toylarda çıxış edən S.Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

O, 2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdü.

Tuqay İsmayılov

Çox təəssüf ki, ani ölüm qocaya-cavana baxmır. Belə ki, bu il 19 avqustda gənc xanəndə Tuqay İsmayılov dünyasını dəyişdi.

1986-cı il təvəllüdlü müğənninin ölüm səbəbi dəqiq açıqlanmayıb.

Xatırladaq ki, geniş səs diapazonuna sahib olan Tuqay İsmayılov “Təkcə mənim olaydın” ifası ilə qısa müddətdə məşhurlaşmışdı.

Yaqub Zurufçu

“Ayrılıq, ayrılıq, aman ayrılıq” ifası ilə milyonların yaddaşında əbədi iz qoyan Əməkdar artisti Yaqub Zurufçu 14 sentyabr tarixində bütün sevənlərindən əbədiyyən ayrıldı.

O, 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Səyyad Əlizadə

Koronavirus pandemiyası 30 sentyabr tarixində sevilən müğənni Səyyad Əlizadənin də həyatına son qoydu.

Mərhum ifaçı 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.

Canəli Əkbərov

Mədəniyyətimizin incisi, Xalq artisti, xanəndə Canəli Əkbərov bu il 22 dekabr günü 81 yaşında dünyasını dəyişdi. Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qaydalarını mənimsəyib, bununla da ifaçılıq qabiliyyətini təkmilləşdirib.

Xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə, Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

Qeyd edək ki, geridə qoyduğumuz bu 1 il mediamıza da ağır itkilər yaşatdı.    

Bu il, tanınmış idman telejurnalisti  Elnur Əşrəfoğlu, təəssüflər olsun ki, COVID-19-a məğlub oldu.

O, 47 yaşında müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişdi.

Uzun müddət AzTV-də çalışmış Elnur Əşrəfoğlu “Neftçi”nin mətbuat katibi kimi də fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunan Əşrəfoğlu 2018-ci ildən qurumun baş katibinin müavini vəzifəsini yerinə yetirirdi.

Sirac Abışov

Torpaqlarımız işğaldan azad edilsə də, xain düşmənin çirkin əməlləri hələ uzun illər davam edəcək kimi görünür. Elə buna görədir ki, jurnalist Sirac Abışov Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid oldu.

O, 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.

Sirac Abışov 4 iyun tarixində Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən partlayış zamanı şəhid olub.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif olunub.

Məhərrəm İbrahimov

Məhərrəm İbrahimov 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olmuş həmkarımızdır.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.