“Əvvəla, Rusiya “sülhməramlı”larının Azərbaycan ərazisində fəaliyyətləri üçün rəsmən mandatı yoxdur. İkincisi, onların ölkəmizin ərazisində olması Milli Məclis tərəfindən ratifikasiya da edilməyib...”
Rusiyanın Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti artıq 3 il 8 aydan çoxdur ki, fəaliyyət göstərir. Görəsən, həmin faktiki xarici silahlı qüvvələrin 10 noyabr üçtərəfli sazişinə əsasən 5 illik müddətlərinin tamamında torpaqlarımızdan qeyd-şərtsiz çıxması üçün bundan sonra hansı konkret addımları atmalıyıq?
Mövzu ilə bağlı Hafta.az-a açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu bunları söyləyib:
“Biz artıq “sülhməramlı”ların ərazimizdən vaxtında çıxması üçün lazım olan addımları atırıq və atmaqda da davam edirik. Mən sizi əmin edə bilərəm ki, 2025-ci il noyabrın 10-u Rusiya “sülhməramlı”larının Azərbaycan ərazisindəki son fəaliyyət və səlahiyyət günü olacaq. Bitdi, artıq bu məsələ müzakirə olunmur. Əslində bu, böyük mövzudur. Mən qısa danışacam. Əvvəla, Rusiya “sülhməramlı”larının Azərbaycan ərazisində fəaliyyətləri üçün rəsmən mandatı yoxdur. İkincisi, onların ölkəmizin ərazisində olması Milli Məclis tərəfindən ratifikasiya da edilməyib. Bu mövzuda rəsmi ikitərəfli anlaşma imzalanmayıb. “Sülhməramlı”ların fəaliyyəti yalnız Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin olunmasıdırsa və əgər Ermənistan hökuməti bunlardan əl çəkibsə, deməli, “sülhməramlı”lar əvvəlki kimi münaqişə zonasında yox, rəsmən Azərbaycan ərazisindədirlər. Azərbaycan da öz ərazisində başqa bir dövlətin hərbçisinin olmasını istəmir. Bu qədər bəsit... İstəmirik, vəssəlam... Həm də Rusiya bütün təsir rıçaqlarını artıq itirib. Və “sülhməramlı”ların Azərbaycan Respublikası ərazisində qalması hüquqi baxımdan artıq mümkün deyil.”
“Bəs birdən Ermənistanda hakimiyyət dəyişikliyi olsa və Paşinyanın yerinə Rusiyaya bağlı bir hakimiyyət qurulsa və rəsmi İrəvan 10 noyabr bəyanatına uyğun olaraq bir tərəf kimi “sülhməramlı”ların növbəti 5 il də qalmasını tələb etsə, onda necə olacaq vəziyyət?”
“Artıq Ermənistan buna qərar verə bilməz. Azərbaycan ərazisində nələrin olub, nələrin olmayacağına biz qərar veririk. Məgər biz Ermənistana göstəriş verə bilərikmi Rusiya bazasını öz ərazindən çıxar. İrəvan cavab verər ki, bu mənim daxili işimdir. Artıq indi 2020-ci ildən fərqli olaraq Qarabağ münaqişə ərazisi deyil və Rusiya “sülhməramlı”larına münasibətdə iki tərəf, yəni Azərbaycan, Ermənistan məsələsi yoxdur. Və artıq söhbət Bakının mövqeyindən də getmir, söhbət beynəlxalq hüquqdan gedir. Bu baxımdan 2025-ci ildən sonra “Rusiya sülhməramlı kontingenti” adlanan silahlı hərbi birləşmə Azərbaycan ərazisində qanunsuz hərbi ekspedisyon korpus sayılacaq və o da çıxarılacaq”- deyə araşdırmaçı vurğulayıb.