23 il ərzində Rusiyanın əhalisi 7,5 milyon nəfər azalacaq

10:00 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın rəsmi statistika agentliyi olan “Rosstat”ın hesabatına əsasən, ölkə əhalisinin sayı növbəti 23 il ərzində 7,5 milyon nəfər azalcaq. Müvafiq olaraq, Rusiyada əhalinin təbii azalmasının 2046-cı ilə qədər davam edəcəyi proqnozlaşdırılır.

Hafta.az-ın yazdığına görə, digər tərəfdən, doğum nisbətinin 2028-ci ildə yenidən artmağa başlaması gözlənilir. Lakin bu ümumi mənzərəni dəyişmək üçün kifayət etməyəcək.

“Rosstat”ın hesabatına görə, 2046-cı ilə qədər ölkədə təxminən 139 milyon insan yaşayacaq. Bu il yanvarın 1-i üçün müəyyən edilmiş əhali ilə müqayisədə bu rəqəm 7,5 milyon nəfərdən azdır.

“Rosstat” 2024-cü ildən 2045-ci ilə qədər əhalinin hər il orta hesabla 332 min nəfər azalacağını və miqrasiyanın artmasının təbii azalmanı kompensasiya edə bilməyəcəyini proqnozlaşdırır.

2023-cü il yanvarın 1-nə Rusiyada 146,45 milyon insan yaşayırdı. “Rosstat”a görə, 2046-cı il yanvarın 1-nə qədər əhalinin sayı 138,77 milyon nəfərə qədər azalacaq.

“Rosstat”, orta ömür uzunluğunun 2023-cü ildə 73,1 il, 2045-ci ildə isə 79,8 yaşa yüksələcəyini proqnozlaşdırır. Eyni zamanda, “Rosstat”ın məlumatına görə, 2045-ci ildə qadınların ömür uzunluğu 83,2, kişilər üçün isə 75,9 il olacaq.

BMT-nin məlumatına görə, 1994-2021-ci illər arasında Rusiyanın əhalisi 6 milyon nəfər azalaraq 149 milyondan 143 milyona düşüb. Yenə BMT-nin hesablamalarına əsasən, Rusiyada mövcud demoqrafik tendensiya davam edərsə, 2050-ci ilə qədər əhalinin sayı 120 milyona qədər enə bilər.