32 ildən sonra Laçında - REPORTAJ

13:52 25.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıdan Laçına Salyan-Biləsuvar-Füzuli-Zəngilan-Qubadlı-Laçın marşrutu ilə gedən yol həm uzun, həm də xeyli hissəsi yenidənqurma işləri ilə əlaqədar təmirsiz olduğundan, səfərimiz 7 saatdan çox sürdü... Amma 32 ildən doğma yurda dönməyin çətinliyinə dözməyin özü də bu sətirlərin müəllifi üçün bir əyləncə, bir istirahət idi. Səfərboyu keçirdiyim sevinc, şadlıq və kədər, hüznqarışıq duyğuları təsvir etmək isə qeyri-mümkündür...

...İşğaldan azad edilmiş ərazilərə giriş Füzuli rayonunun Alxanlı kəndindən başlayır. Oradan Laçına çatınca, azı, 6 polis postunda sənədlər və avtomobil yoxlanılır...

Cəbrayıl, Zəngilan ərazilərindən başlayaraq, Qubadlı-Laçın istiqamətində yeni yol çəkildiyindən, hələ ki, qalan məsafənin əksər hissəsini palçıqlı, çala-çüxurlu yollarla getməli oluruq. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının yol yaxınlığındakı kənd və qəsəbələrinin xarabalığa dönmüş evlərini gördükcə, vaxtilə həmin məntəqələrdə yaşamış onminlərlə soydaşımızın, xüsusən uşaqların, gənclərin yarıda qalmış dünya həyatlarını, yarımçıq qalmış arzularını, ümidlərini düşündükcə insanı qəhər boğur... 

İranla, əslində, Güney Azərbaycanla sərhədboyu, Araz çayının yanı ilə, Xudafərin körpüsünün yaxınlığından  keçərkən həm bu taydakı xarabalıqlara, həm tikinti, quruculuq işlərinə, həm də Azərbaycanın otaydakı böyük parçasına tərəf baxanda düşünürsən: “Görəsən, tezliklə Arazın o biri sahiindəki, cəmi bir neçə kilometr məsafədə yaşayan soydaşlarımızı bu taydakı yeni qurulmuş evlərimizə sərbəst şəkildə qonaq dəvət edə biləcəyikmi?..”.

Zəngilanın “Ağıllı kənd” layihəsi ilə bərpa olunmuş və keçmiş məcburi köçkünlərə yeni evlər verilmiş Ağalı kəndinin yanından keçərkən qeyri-iradı qəlbimizdə bir sevinc hissi oyanır, ümid çırağı yanır; Azərbaycan xalqı həm düşmənlərdən müdafiə olunmağa, torpaqlarını azad etməyə, həm də səbir və təmkinlə yaralarını sarımağa, viran edilmiş kənd, qəsəbə və şəhərlərini bərpa etməyə qadirdir...

 Qubadlının işğalçı ermənilərin işğal dövründə yaşadıqları və yeni evlər tikdikləri ən böyük kəndi – Xanlıqın yanından keçirik... Yadımıza düşür ki, 44 günlük müharibə bitdikdən, yəni Qubadlı da azad edildikdən az sonra Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk dəfə bu kəndə gələndə oradakı yapon xurması ağaclarının barından yığıb avtomobillərinə qoymuşdular...

Vaxtilə ermənilərin sürətlə məskunlaşdırdıqları Xanlıq kəndi

Erməni mediasının işğal dövründə yazdıqlarına inansaq, Xanlıqda 600-ə yaxın erməni yaşayıb. Hazırda  Bakıda həbsdə olan gorbagor(!) “artsax”ın keçmiş başçısı Araik Arutyunyan 2018-2019-cu illərdə Xanlıq kəndində “Masis” tütün şirkəti vasitəsilə ermənilərin tütün yetişdirmə kampaniyasını başlatmışdı. Ümumiyyətlə,  işğal illərində Xanlıq kəndi ermənilərin sürətli məskunlaşdırma həyata keçirdiyi ən böyük Azərbaycan kəndi idi.  İşğalçılar kənddə 150-yə yaxın yeni ev tikmiş və onlara Suriyadan köçən erməni ailələrini də yerləşdirmişdilər. Bunlara səbəb o idi ki, Qubadlı rayonunun adıçəkilən ərazisi münbit torpağı, sabit iqlimi ilə seçilir. Hətta 2011-ci ildə Ermənistan hökumətində Xanlıq kəndi yaxınlığında Həkəri çayının sahillərində 20 kvadratkilometrlik ərazidə 100 minlik şəhər salmaq  və Azərbaycandan, yəni Bakıdan, Gəncədən və s. olan erməni qaçqınları orada kompakt şəkildə məskunlaşdırmaq iddiası yaranmışdı.

Xanlıq kəndi, həm də Azərbaycan üçün tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, “Xanlıq” vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Cavanşirın oğlu Mehrəli bəy Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adına uyğun “Xanlıq” adlandırılıb.  

Bu kəndin torpaqları münbit, havası, suyu gözəl olmaqla perspektivi çox böyükdür. Prezidenti İlham Əliyev tərəfindən 4 may 2023-cü ildə yeni təməli qoyulan kənd, inşallah, yenidən qurulacaq. Xanlığın ətrafında görünən texnikalar quruculuq işlərinin başlamasından xəbər verir.

Yolboyu bəlli olur ki, Qubadlının Xanlıq, İşıqlı, Muradxanlı kimi bir neçə kəndi istisna olmaqla, qalan kəndləri tam xarabazara çevrilib. İşğal dövründə adıçəkilən kəndlərdə az sayda erməni yaşadığından, bir neçə ev yarısalamat vəziyyətdə qalıb.

Həkəri çayının sahilində yerləşən məntəqə

...Nəhayət, Qubadlı ilə vidalaşıb Laçının cənub istiqamətində ilk kəndi olan Güləbird kəndinə çatırıq. Güləbird - Həkəri çayının sahilində yerləşən mənzərəli, torpağı münbit bir məntəqədir. 1993-cü ilin avqust ayının 31-də Ermənistan  Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən kənd Azərbaycanda və digər ölkələrdə məşhur bayatı ustadı aşıq-şair Sarı Aşığın doğulduğu və yaşadığı kənd kimi tanınır. 1993-cü ildə erməni vandalları Sarı Aşıgın qəbrini tamamilə dağıtmışlar...

Güləbird ərazisində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su-Elektrik Stansiyası 2021-ci il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Bu, azad edilmiş torpaqlarda bərpa edilib qurulan birinci elektrik stansiyası olmuşdu. Həmin stansiya, təxminən, 7 000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi, artıq Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin etməkdədir...

Zabuxda həyat qaynayır

...Yolüstü Zabux kəndinə də dönürük. Cəmi bir ildən az müddətdə keçmiş məcburi köçkünlər üçün yeni evlərin tikildiyi, Zabux çayı üzərində, çox mənzərəli və səfalı bir məkanda yerləşən bu kənddə artıq həyat qaynamağa başlayıb. Küçələrdə abadlıq işləri davam etdirilir. Ötən ilin dekabrında kənddə yeni tipli orta məktəb binası da tikilib və yeni balaca sakinlərin istifadəsinə verilib.

Göz oxşayan Laçın

Həkəri çayını adlayıb dolama yollarla Laçın şəhərinə doğru qalxırıq. Şəhər elə, demək olar ki, Həkəri çayından başlanır. Çayın üzərində sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulmuş yaraşıqlı bulvar kompleksi salınıb. Bir az yuxarıda Laçın idman kompleksi də görünür...

Şəhərin mərkəzinə qalxan yolun üzərində diqqəti ilk cəlb edən işğal dövründə - 1998-ci ildə ermənilər tərəfindən tikilmiş qondarma kilsə olur. Üzərinə tor çəkilmiş tikili Azərbaycan dövlətinin humanist yanaşması sayəsində hələ də sökülməyib.

Yolboyu tikinti işləri diqqəti çəkir. Laçında, artıq  “Araz” supermarketi də fəaliyyət göstərir.  Yaxınlıqda tikilməkdə olan Laçın Konsert Mərkəzi də yaraşıqlı binalardan olacaq.

Şəhərin Şuşa və Qubadlı istiqamətindən girişi olan və keçmişdən bəri “poçt” adlandırılan məkanındayıq. Sovet dövründə, yəni XX əsrin 20-30-cu illərində şəhər qurularkən ilk poçt binası məhz burada salındığından həmin məkan el arasında “poçt” adlandırılıb. Vaxtilə orada məşhur Ana heykəli də vardı. İşğal dövründə ermənilər onu uçurub yaxınlığında işğalçı əsgərlərinə abidə qoymuşdular. Bu gün isə Azərbaycan əsgərinin gücü, şəhid və qazilərimizin canı-qanı sayəsində Laçın şəhərinin bu məşhur məkanı tamamilə yeni, müasir bir görkəm almaqdadır. Bu küçə, artıq Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri və Qarabağın general-qubernatoru olmuş Xosrovbəy Sultanovun adını daşıyır. “Poçt” adlanan bu yerdə məhz rabitəyə aid olan - “Azercel”in Laçındakı rəsmi mağazası “Laçın Telekom” da açılıb.

Laçında ilk seçkilər

Bu il, həm də onunla əlamətdardır ki, işğaldan azad edilmiş digər məkanlarımız kimi Laçın sakinləri də ilk seçkilərə – növbədənkənar Prezident seçkilərinə hazırlaşır. Bu, küçələrə vurulmuş şüarlardan da görünür.

XX əsrin əvvəllərinədək Laçın şəhərinin yerində olmuş qədim türk kəndinin adını daşıyan “Abdallar”  istirahət mərkəzində gecələyirik. Burada qurulmuş koteclərdən şəhərə günün müxtəlif saatlarında: həm səhər, həm gündüz, həm də gecə özünəməxsus gözəlliyi olan çox füsunkar bir panorama açılır.

Ertəsi gün səhər tezdən elə dünənki kimi günəşli bir havada Laçının gözəl mənzərələrini lentə ala-ala Prezidentin xüsusi nümayəndəliyinin yerləşdiyi ofisə yollanırıq. Qarşımıza ilk çıxan müəyyən problemləri olan yeni Laçın sakinləri olur. İçəridəki iclas bitdikdən sonra Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov şikayətçiləri növbə ilə qəbul edir. Bir azdan bəndəniz də jurnalist kimi içəri dəvət olunur. Şahidi oluram ki, xüsusi nümayəndənin müavinlərinin, xüsusi nümayəndəliyin hüquqşünasının, memarının və s. iştirak etdiyi qəbulda vətəndaşların şikayətləri Məsim müəllim tərəfindən təmkinlə dinlənilir və problemlərin tezliklə həll olunacağı vəd edilir. Kiminin evinin dam örtüyündə, kiminin kanalizasiya xəttində, kiminin həyətində və s. müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurum və şirkətlərə tapşırıqlar verilir.

Laçına səfərdə bizimlə yoldaş olan bir neçə yeni Laçın sakini, eləcə də şəhərin özündə həmsöhbət olduğumuz sakinlər ümumilikdə durumdan, tikinti və abadlıq işlərindən razıdırlar. Yalnız bir neçə keçmiş məcburi köçkün şəhərdə köçdükləri yeni tikilmiş evlərdə bəzi səhlənkarlıqlara yol verildiyini, bu haqda Prezidentin xüsusi nümayəndəliyinə və “Laçın abadlıq” ASC-yə müraciət etduklərini, lakin problemin hələ də həll edilmədiyini söylədilər.

Sözsüz ki, iş olan yerdə, özü də 30 ildən çox işğal altında, Azərbaycan dövlətinin nəzarətində olmamış, paytaxtdan 500 km.-ə yaxın məsafədə və dağlıq ərazidə yerləşən bir şəhərdəki quruculuq-abadlıq işlərində nöqsanlar, çatışmazlıqlar, problemlər olmalıdır. Əsas odur ki, həmin nöqsan və problemlər bilərəkdən, özgə məqsədlərlə törədilməsin və müvafiq qurumlar sakinlərin, vətəndaşların şikayətlərini vaxtında dinləsinlər və mümkün qədər tez həll etsinlər. Bir də ən əsası odur ki, artıq biz işğaldan azad edilmiş Laçında yaşayır, buranın təmiz havasını, saf suyunu udur, burada yeyib-içir və bizi narahat edən məsələlər haqda Azərbaycanın dövlət və hökumət qurumlarına şikayət edirik, artıq Şuşa, Kəlbəcər, Qubadlı, Xankəndi, Xocalı və s. kimi Laçının da işğal altında qalmasından beynəlxalq qurumlara; BMT-yə, ATƏT-ə, AŞ-a, AŞPA-ya və s. şikayət etmirik...

Bir gözəl səhər ayrılmaq istəmədiyimiz cənnətməkan Laçından Bakıya dönərkən Laçın-Şuşa-Füzuli-Bakı yoluyla da getmək qismətimiz oldu. Məşhur Turşsudan, “Yeddiqat” aşırımından, Saxsı bulaqdan keçərək Şuşaya çatdıq və Allahdan şəhidlərimizə bir daha rəhmət diləyə-diləyə Zəfər yoluyla Bakıya doğru üz tutduq.

Allah yeni zəfərlərimizi bol etsin!..

Sultan Laçın

Bakı-Laçın-Bakı

Oxunma sayı 66