Ətin insan sağlamlığı üçün çox vacib olması barədə xəbərdarlıq edən yüzlərlə mütəxəssis vegetarian və vegan pəhrizləri təbliğ edən düşüncələrə son qoymağa çağırıb.
Hafta.az-ın “Dublin Declaration”a istinadən yazdığına görə, dünyanın müxtəlif yerlərindəki institut və qurumlarda çalışan 990 elm adamının imzaladığı “Dublin Bəyannaməsi” adlı çağırışda vegan qidalanma təşviqləri “fanatizm” və “reduksionizm” olaraq xarakterizə edilib. Bəyannaməni imzalayanlar "Heyvandarlıq sistemləri ən yüksək elmi standartlar əsasında tərəqqi etməlidir. Onlar cəmiyyət üçün sadələşdirmə, reduksionizm və ya fanatizmin qurbanı olmaq üçün çox dəyərlidir" deyiblər.
Çağırış “Animal Frontiers” elmi jurnalının xüsusi buraxılışında dərc olunan əlaqəli məqalədən sonra edilib. ABŞ-ın Florida Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada ətin “insan sağlamlığında və inkişafında mühüm rol oynamağa davam edən” qida maddələri ilə zəngin qida olduğu vurğulanıb. Məhz buna görə də tədqiqat ət istehlakının azaldılması və ya onu pəhrizdən çıxarmağın riskli olduğu qənaətinə gəlib.
Dublin Bəyannaməsini imzalayanlar bildiriblər ki, son illər insanları bitki əsaslı yeməklər yeməyə təşviq edən geniş ictimai təzyiq var.
2020-ci ildə tibb jurnalı “The Lancet”də dərc edilən bir araşdırmada, qırmızı ətdən imtinanın 2019-cu ildə dünya üzrə 896 min ölümə səbəb olduğu yazılmışdı.
Bəyanatı imzalayanlar vurğulayıblar ki, işlənməmiş ət insanları B12 vitamininin böyük hissəsi ilə təmin edir. Bundan əlavə, işlənməmiş ətin retinol, omeqa-3 yağ turşuları və dəmir və sink kimi minerallarla, həmçinin taurin kimi maddələr mübadiləsi üçün vacib olan birləşmələrlə təmin edilməsində mühüm rol oynadığı bildirilib. Həmçinin ət istehlakının təhlükələrinə diqqət çəkən məqalənin elmi cəhətdən qüsurlu olduğu da qeyd edilib.