II Dünya savaşından bəri ilk dəfə yad ölkə Rusiya ərazisinə hücum etdi...

21:00 08.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə uğurlu reydi İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq başqa ölkənin ordusunun Rusiyaya hücumu  kimi qeydə alınıb.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” yazır və qeyd edir ki, Ukraynanın hücumu Rusiya hərbçilərini təəccübləndirib və Vladimir Putinin mövqelərini zəiflədib.

Nəşrin qeyd etdiyi kimi, bu epizod Rusiya sərhədlərinin müdafiəsinin kövrəkliyini üzə çıxarıb və ukraynalıların əhval-ruhiyyəsini yüksəldib.

O, həmçinin Kreml tərəfindən böyük səylə qurulmuş Putinin "sadə rusların himayədarı" kimi imicini sarsıdıb. Çünki onun Ukraynada başlatdığı müharibə indi getdikcə daha çox Rusiyaya sıçrayır...

“Ukrayna üçün bu, çox güman ki, Kiyevin bu arqumentlərini gücləndirəcək: ABŞ və Avropalı müttəfiqlər Kremldən gələn eskalasiya təhlükələrindən qorxmamalıdırlar və Ukraynaya müharibənin bitməsini sürətləndirmək üçün Putinlə lazım bildiyi şəkildə döyüşməyə icazə verilməlidir”, - deyə "Bloomberg" qeyd edir.

Xatırladaq ki, Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin qənaətinə görə, Ukrayna qüvvələri Rusiya ərazisindəki əməliyyat çərçivəsində Rusiya Federasiyasının Kursk vilayətinə 10 kilometr dərinlikdə irəliləyib.

Analitiklərin fikrincə, Ukraynanın Moskva ilə gələcək danışıqlarda potensial sövdələşmə vasitəsi kimi əraziləri ələ keçirmək cəhdindən tutmuş şərqdəki Rusiya qüvvələrinin diqqətini yayındırmağa çalışmasına qədər bir çox məqsədləri ola bilər.