İbrahim Tatlısəsin pulunu yedilər, üstəlik məhkəməyə də verdilər...

14:55 10.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni İbrahim Tatlısəs öz işçisi tərəfindən zərərə salınıb.

Hafta.az-ın yazdığına görə, Tatlısəsə aid şirkətdə müdir vəzifəsində çalışan Fulya Akbay məşhur müğənniyə kələk gələrək böyük yeyintilərə yol verib. Məsələ yoxlama şirkətinin hesabatından sonra üzə çıxıb. "Sabah"ın yazdığına görə, bir zamanlar məşhur sənətçinin sözçüsü də olmuş Akbay şirkətə aid müəyyən məbləğdə vəsaiti öz hesabına keçirib, üstəlik həyat yoldaşının adını şirkətə işçi kimi qeyd edib, adına icarəlik maşın yazıb və beləliklə, rəhbərlik etdiyi şirkətin malını mənimsəyib.

Hesabatda deyilir ki, başqa bir vəzifəli işçi olan Özləm P. üçüncü şəxslərə ödəmə edibmiş kimi, 1,2 milyon lirəyə yaxın pulu öz hesabına keçirib. O da, öz həyat yoldaşı Ayhanı 13 ay boyunca şirkətdə işləyirmiş kimi göstərərək şirkəti 45 min lirə zərərə uğradıb. Bildirilir ki, Özləm P. şirkətin adından özünə icarəyə maşın götürüb və bu yolla Tatlısəsə daha 28 min lirə ziyan vurub. Akbay həm də, kimlərəsə pul ödəmək adıyla əslində, 20 min dolları öz hesabına keçirib, öz körpəsinin dayəsi olan Əminənin adını da şirkətin kadrları siyahısına yazaraq, 21 ay ona siğorta ödəyərək daha 57 min lirəni mənimsəyib. 

Artıq İbrahim Tatlısəs məhkəməyə müraciət edib və günahkarlar haqqında cinayət işi açılıb. Yaxın günlərdə məsələylə bağlı məhkəmənin keçiriləcəyi və Akbayın 1 ildən 7 ilədək həbs, üstəlik 3 min günədək ədliyyə cəzası ala biləcəyi deyilir. 

Çox təəccüblüdür ki, işçilərinin xəyanətindən qəzəblənən Tatlısəsin votcap üzərindən kəskin söyüş və təhdidlər səsləndirdiyini bəhanə edən müqəssirlər də onu şikayət ediblər və hazırda müğənninin barəsində "Təhqir və təhdidə yol verdiyi üçün" iş açılıb. 

Oxunma sayı 399