ICESCO-nun 2021-ci ildə həyata keçirəcəyi layihələr açıqlanıb

16:00 01.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2021-ci ildə təşkilatın həyata keçirəcəyi yeni layihələri açıqlayıb.

Hafta.az xəbər verir ki, İƏT Milli Xəbər Agentlikləri Birliyi (UNA) ilə keçirilən birgə virtual Media Forumunda çıxış edən ICESCO-nun Baş direktoru Salim əl-Malik yeni ilin ilk günlərində Məhəmməd Peyğəmbərə həsr olunmuş beynəlxalq konfransa hazırlıq görüldüyü barədə məlumat verib. O qeyd edib ki, İslam və Qərb ölkələrindən ilahiyyatçı alimlərin iştirak edəcəyi bu geniş tədbir Müsəlman Dünyası Liqası və İlahiyyatçıların Məhəmmədiyə Liqası ilə birlikdə keçiriləcək. Bundan başqa, ICESCO-nun təşkilatçılığı ilə İslam dünyasında medianın gələcəyi mövzusunda da konfransın keçirilməsi nəzərdə tutulur.

Baş direktor qeyd edib ki, 2021-ci ilin İslam dünyasında “Qadın ili” elan edilməsi münasibətilə İƏT-ə üzv ölkələrin iştirak edəcəyi geniş tədbirin təşkili də bu layihələr arasındadır. Belə ki, ilboyu keçiriləcək tədbirdə qadın hüquqları və cəmiyyətin sosial-iqtisadi həyatında zərif cinsin nümayəndələrinə dəstəyin artırılması məsələləri müzakirə ediləcək.

ICESCO-nun rəhbəri təşkilatın 2020-ci ildə gördüyü işlər barədə də ətraflı məlumat verib.