İcra hakimiyyətlərini gözləyən sonluq

11:08 11.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyat yenidən canlanır. Bu ilin yay aylarında Laçın rayonuna keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Növbəti mərhələdə isə Şuşaya sakinlərinin köçürülməsi planlaşdırılıb. Yaxın 3 il ərzində isə hökumət bu ərazilərə 66  min sakinin köçürülməsini hədəfləyib.

Maraqlıdır, görəsən, sakinlərin köçürülməsində sonra işğaldan azad olunmuş rayonların icra hakimiyyətlərinin taleyi necə olacaq? Bu qurumlar ləğv edilib yeni idarəetmə modeli yaradılacaq, yoxsa mövcud icra hakimiyyətləri azad olunmuş rayonlarda indiki mexanizmlə fəaliyyət göstərəcəklər?

Yeri gəlmişkən bildirək ki, 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır. Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsi təyin edib. Eyni zamanda Prezident İlham Əliyev bu ilin mart ayında Laçına da xüsusi nümayəndə təyin edib və Kəlbəcərə də xüsusi nümayəndə təyin ediləcəyini açıqlayıb. Eyni zamanda, yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu verib.

Dövlət başçısı bildirib ki, xüsusi nümayəndə yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Yerlərdəki icra hakimiyyətləri isə Azərbaycan Konstitusiyası əsasında yaradılan institutlardır. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

Məsələni qəzetimizə şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev artıq işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəliklərin tətbiq edildiyini və yeni modelin müsbət nəticələr verdiyini bildirib:

“Bütün sahələrdə olduğu kimi, idarəetmə sistemində də islahatların həyata keçirilməsi qaçılmazdır. Bu islahatlar bilavasitə idarəetmənin təkmilləşdirilməsinə, işlərin operativ şəkildə həll olunmasına və kadrlarla münasibətlərin yaxşılaşmasına xidmət edir. Ölkə rəhbəri tərəfindən xüsusi nümayəndəliklərin təyin olunması öz effektini göstərir. İşğaldan azad olunmuş ərazilərdə artıq bu sistem tətbiq olunur və yaxşı nəticələr verir. Yeni sistemin müsbət nəticələr göstərməsi gələcəkdə digər bölgələrdə də xüsusi nümayəndəliklərin yaradılacağını deməyə əsas verir. Yəni doğurdan da bu işlər yaxşı nəticə göstərəcəksə, sözsüz ki, bütün ölkə üzrə yeni sistemə keçmək lazımdır. İdarəetmə mürəkkəb sistemdir. Bu, bilavasitə insanlarla təmasların qurulması, insanlarla işləmək, abadlıq və tikinti işlərinin aparılmasıdır. Hazırda bildiyimiz kimi işğaldan azad olunmuş rayonlarda Prezidentin səlahiyyətli nümayəndələri fəaliyyət göstərir. Eyni zamanda, bununla paralel olaraq həmin rayonların icra hakimiyyətləri də fəaliyyətdədir. Bu keçid mərhələsidir və keçid mərhələsində də yeni model tətbiq olunur. Bir daha qeyd edirəm ki, bu model gələcəkdə özünü doğruldacaqsa, əlbəttə ki, Prezidentin səlahiyyətləri daxilində bu keçidə imkan yaradılacaq. Ancaq indiki şəraitdə görünən odur ki, bu model özünü doğrultmaqdadır. Prezidentin bununla bağlı müvafiq Fərmanında göstərilib ki, yeni modelin tətbiqində məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır. Ancaq bu gün icra hakimiyyətinin funksiyası insanlarla işləmək, onların təkliflərini öyrənmək, vətəndaşların mövcud problemlərini aradan qaldırmaqdan ibarətdir. Əlbəttə ki, gələcəkdə insanlar azad olunmuş ərazilərə köçürüldükcə, icra hakimiyyəti orqanları da müəyyən çərçivə əsasında öz fəaliyyətlərini davam etdirəcəklər. Ancaq yeni idarəetmə modelinə keçirilməsi gələcək işlərin uğurlarından asılıdır. Bu gün xüsusi nümayəndələr azad olunmuş ərazilərdə çox mühim layihələrin həyata keçirilməsinə dəstək verirlər. Bu yaxınlarda cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva işğaldan azad olunmuş ərazilərdə oldular və həmin bölgələrdə çox mühüm obyektlərin təməlini qoydular. Həmin mərasimlərdə də Prezidentin xüsusi nümayəndələri görülən işlər, görüləcək işlər haqqında ölkə rəhbərinə ətraflı məlumat verdilər. Və onlar həmin layihələrin bilavasitə reallaşmasına cavabdehdilər. Digər tədbirləri isə məsələn, əhali ilə təmasları, əhalinin həmin yerlərə köçürülməsini, onların siyahılaşdırılmasını icra orqanları həyata keçirməkdədirlər. Əlbəttə ki, idarəetmədə paralelliyin olması müəyyən qaydada bir çox hallarda işdə özünü doğrultmur. Ancaq bu gün ölkə rəhbəri bu sistemi elə nizamlayıb ki, onlar bir-birinə maneçilik törətmir və müəyyən faydalarını verir. Belə olan halda gələcəkdə sözsüz ki, hansı idarəetmə formasının üzərində dayanılması Prezidentin səlahiyyətləri çərçivəsində öz həllini tapacaq”.