Havaların soyuması istilik təhciz olunma məsələsini ortaya çıxarır. Azəriqaz” İstehsalat Birliyi ilə“Azəristiliktəhcizat” ASC arasında yaranan borc isə istehlakçılar üçün problem yarada bilər. Azəriqaz” İstehsalat Birliyi onlara olan 28 mln. 913 min 497 manat borcun ödənilməsini tələb etsə də, “Azəristiliktəhcizat” da verdikləri xidmətə görə, aldıqıları vəsaitlə o borcu qaytara bilmədiklərini bildirirlər. Və beləcə hər il bu problem gündəmə gəlir.
“Azəristiliktəhcizat”ın açıqlamalarından məlum olan odur ki, vətəndaşlara göstərdikləri xidmətə görə aldıqları vəsait azdır. Vətəndaşlar isə qiymətlərin qaldırılacağından narahatdırlar. Bəs buna görə qiymətlər qaldırıla bilərmi və ya bu iki dövlət qurumu arasında mübahisə öz həllini necə tapmalıdır ki, sonda vətəndaşlar əziyyət çəkməsin?

Hafta.az-a bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində bu problem ilk dəfə deyil, hər il bu mövsüm yaxınlaşan kimi problem ortaya çıxır: “Nəticədə iki dövlət arasında yaranan bu problemdən vətəndaş əziyyət çəkir. Bu məntiqsiz bir durumdur. İki dövlət qurumu arasında yaranan bu problemdən niyə istehlakçı əziyyət çəkməlidir? Əslində bunun çox asan həll mexanizmləri də var. Hər iki qurum dövlətdən hər il müxtəlif dotasiyalar alır. Əgər belədirsə yaranmış borcların dövlət dotasiyası ilə silinməsi də ola bilər. Azəristilik dəfələrlə açıqlama verib ziyanla çalışdığını deməsinin altında yatan məsələ odur ki, xidmət haqqını qaldırmağı düşünürlər. Bunu gündəmə gətirməkdə məqsəd o ola bilər. Yox əgər niyyət elə deyilsə, o zaman dövlətin balansında qalmağının nə mənası var. Ziyanla işləyirsə dövlət qərar verməlidir ki, ya özəlləşsin, ya da uzun müddətə kommersiya məqsədi ilə icarəyə verilsin. Paylayıcı şirkətlər özəlləşdirilməli, ya uzun müddətə icarəyə verilməlidir. Biz bu haqda dəfələrlə təklif vermişik. Dövlətin tərkibində qalması yalnız təhlükəsizlik baxımından yaxşıdır. Vətəndaşlarla o şirkətlərlə arasında münasibət normallaşmalıdır”.

İqtisadçı ekspert İlham Əzizov isə hesab edir ki, “Azəristiliktəhcizat” subsidiya alan dövlət təşkilatıdır:
“Öz xərclərini ödəyə bilmir. Bu məqsədlə 2020 ci ilin büdcəsində təşkilata 33.0 milyon subsidiya nəzərdə tutulub. Bu sahə sovet vaxtından qalma problemlərin cəngindən qurtula bilmir. Sahənin təmamilə yenidən qurulması gərəkir ki, bu da küllü miqdarda vəsait tələb edir. İdarəçilik də qənaətbəxş deyil. Mən bir iqtisadçı kimi bu sahənin özəlləşdirilməsi tərəfdarıyam. Belə olarsa keyfiyyət yüksələr, hər il dövlət milyonlarla vəsaiti bu sahəyə yönəltməz, hətta qazanar. Qiymətlərin bu sahədə qaldırılması məsələsinə gəldikdə, hazırkı durumda qiymətlər qalxmamalıdır, çünki fərqi dövlət büdcəsi ödəyir. Mən hər bir mal və xidmətlərin qazanclı qiymətə satılması tərəfdarıyam. O cümlədən əmək haqqlarının da lazımı səviyyədə, yəni vətəndaşların özlərini təmin və yıgım edə biləcək səviyyədə olmasını arzu edirəm. Nə qədər ki, dövlət şirkətləri dotasiya hesabına işləyəcək, onlardan keyfiyyətli və səmərəli xidmət gözləmək mənasızdır”.