İlham Əliyev İndoneziya dövlət başçısına təbrik məktubu göndərib

11:38 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Hafta.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost xalqınızı səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar vardır.

İndoneziya Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq. Biz ölkənizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın haqq işini davamlı dəstəkləməsini yüksək qiymətləndirir, bunu həmrəyliyimizin və dostluğumuzun həqiqi təzahürü kimi dəyərləndiririk.

Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-İndoneziya əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxunma sayı 1728
Siyasət rubrikasından digər xəbərlər