İlmələrə hopan rənglərin harmoniyası (ŞƏKİLLƏR)

12:00 16.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviyalı sənətkarların ölkəmizdə insanların zövqünü oxşayan sərgilərinin daha birinin açılışı olub.

Hafta.az-ın yazdığına görə, Latviyanın toxuculuq rəngkarlığı üzrə məşhur rəssamları İrisa Blumate və onun keçmiş tələbəsi İveta Vesenanenin tam bir ay – noyabrın 15-dək davam edəcək “All in Two” adlı sərgisi əvvəlkilərdən fərqli və daha maraqlı sənət əsərləri ilə qonaqları heyran etməkdədir.

Qalereyanın iki qatlı salonlarını bəzəyən toxuculuq məhsulları qədim və müasir düşüncə tərzini özündə ehtiva edir. Xüsusi rəng çalarlarına və ölçülərinə malik ilmələrlə, parça hissələri və lentlə işlənən əsərlərin hər biri öz-özlüyündə həyatımızın bir hissəsinə çevrilmiş təbiəti canlandırır.

Məsələn, əsərlərin birində tünd və açıq mavi rəngli ilmələrin toxunuşu gecənin bir aləmində səthi ay işığı ilə işıqlanan dəniz, başqa bir əsərdə isə günəşin nura boyadığı qızıl ləpəli dəniz qumsal və daşlı sahilləri ilə tam bir panoram yaradır. Başqa birində rəngarəng çəmənlik, zambaqlar, sünbüllər və sair Latviya milli-mədəni atributları ilə göz oxşayır.

Ölçüsündən asılı olmayaraq hər bir əsərin olduqca böyük fiziki və zehni əmək, eyni zamanda səbr tələb etdiyini ilk baxışda görmək və duymaq mümkündür ki, bu da sərgiyə gələn hamını təəccübləndirir, hətta heyrətləndirir.

Əsərlərin hər biri yaradılışı etibarilə özündə klassik və çağdaş mədəniyyəti birləşdirir. Yəni əgər ilmələrin toxunuşu, eləcə də heyranedici boyalar bizə nənələrdən miras qalıbdırsa, bu rənglərin daha fərqli harmoniyasını məhz İrisa Blumate və İveta Vesenanenin simasında bugünki nəsillər yaradıb.

Ümumiyyətlə, Latviya mədəniyyətinin məxsusi parçası, milli incəsətinin ən çox sevilən istiqamətlərindən biri olan toxuculuq rəngkarlığı, əsrlər boyu təşəkkül tapmış xalq incəsənətinə əsaslanan dərin tarixi ənənələrə malikdir.

Qeyd edək ki, rəssamlar İrisa Blumate və İveta Vesenane Latviya Rəssamlıq Akademiyasında peşə təhsili alıb, toxuculuq rəngkarlığı sahəsində bir çox beynəlxalq və milli rəsm sərgilərində iştirak edib.

Oxunma sayı 705