Rusiya immiqrantlar üçün yeni “inteqrasiya kursu”na başlayıb. Rusiya Federasiyası Milli Məsələlər Agentliyinin (FADN) təşəbbüsü ilə keçirilən kurs Mərkəzi Asiyadan gələn immiqrantlar üçün xüsusi hazırlanıb.
Hafta.az-ın yazdığına görə, 70 dəqiqəlik dərs kimi təşkil edilən kursun məqsədi immiqrantların Rusiyadakı immiqrasiya və əmək qanunları ilə yanaşı, ölkənin mədəni və sosial normalarını öyrənmələrinə kömək etməkdir. Miqrantlara ictimai yerlərdə namaz qılmaqdan çəkinmək, kişi və qadınlarla fiziki təmasda olmamaq kimi xüsusi davranış qaydaları da öyrədilir.
FADN-in vitse-prezidenti Stanislav Bedkin, kursun Rusiyanın dörd bölgəsində sınaqdan keçirildiyini və bu sınaqlardan sonra bəzi yeniləmələrin edildiyini açıqlayıb. Kursun məzmunu dörd əsas hissədən ibarətdir: "Rusiyanın immiqrasiya və əmək qanunlarının əsasları", "Rusiyada qeyri-rəsmi davranış qaydaları", "Qanun pozuntularına görə cəzalar" və "Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin tarixi".
“Kommersant” yazır ki, kursun hər bir hissəsi immiqrantlara Rusiyada həyata daha yaxşı uyğunlaşmaq üçün lazım olan məlumatları verir.
Kursun “Rusiyada qeyri-rəsmi davranış qaydaları” bölməsində mühacirlərə rus mədəniyyəti normalarına uyğun davranış öyrədilir. Məsələn, qadınların rəngli və açıq-saçıq geyimlər geyinməsinin normal olduğu bildirilir. Həmçinin xarici dildə pıçıldamağın xoş qarşılanmadığı, ictimai yerlərdə namaz qılmaqdan çəkinmək lazım olduğu vurğulanır. İmmiqrantlar, abidələrə, xüsusilə İkinci Dünya Müharibəsi abidələrinə hörmətlə yanaşmağın zəruriliyi də mühüm məsələ kimi müzakirə olunur.
Xəbərə görə, kursun praktikada nə dərəcədə effektiv olacağı ilə bağlı bəzi şübhələr var. Mütəxəssislər kursun regional səviyyədə həyata keçirilməsi üçün kifayət qədər infrastrukturun və mütəxəssislərin olmadığını bildirirlər. Bundan əlavə, immiqrantların bu kurslarda iştirakını təmin etmək üçün qanuni öhdəliyin olmaması kursun təsirini məhdudlaşdıra biləcək digər amil kimi qəbul edilir. Mütəxəssislər kursun məcburi hala gətirilməli və imtahanla dəstəklənməli olduğunu bildirirlər.