İnanıram ki, İlahiyyat İnstitutunda kadrlar ordusu yaranacaq - Elvüsal Məmmədli

15:07 12.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mən çox sevinirəm ki, 2018-ci ildə Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb, artıq dini kadrların yetişdirilməsini Azərbaycan dövləti özü yerinə yetirir.

Bu fikirləri hafta.az-a AMEA Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi Elvüsal Məmmədli deyib:-

"Əvvəllər dini kadrlar kənarda oxuyub gəlirdilər. Şəriəti yaxşı bilirdilər, amma hansısa başqa ölkənin baxışını da gətirib təbliğ edirdiər. Əlbəttə ki, burda baxış önəmlidir. Açığı, İranda bir cür baxışlar var, Türkiyədə bir cür, Səudiyyə Ərəbistanında bir cür...Biz elə etməliyik ki, Azərbaycan insanı sağlam əsaslarla bu problemə baxsın, biz baxışı dəyişməliyik. Bunun üçün də İlahiyyat İnstitutu yaradılıb. Təbii ki, bu, dəryada bir damcıdır.

Hələ işlər görülməlidir. Orta məktəblərə dinin sadə qaydalarını öyrədən fənn salmalıyıq. Bundan qorxmaq lazım deyil. İndiyə qədər bu problemin həll edilməməsinin bir səbəbi var idi: hansı kadrlar bu fənni təbliğ edəcəkdi? Bu fənni keçən insanın özünün inancı olmalıdır. Əks halda, bu, həkimlikdən başı çıxmayan bir müəllimin Azərbaycan Tibb Universitetində gələcəyin təbiblərinə anatomiyadan dərs deməsinə bənzəyəcək. İnanıram ki, İlahiyyat İnstitutunda kadrlar ordusu yaranacaq və Azərbaycan orta məktəblərində din fənni tədris olunacaqdır. Belə olduqda xalqımız öz dinini sağlam əsaslarla öyrəncək, bu da yad təsirlərin qarşısını alacaq."