İnsanlar istirahətə daha az vəsait xərcləyir - SƏBƏB

16:24 30.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“2020-ci ildə olan sərt qapanmalardan sonra 2021-ci ilin ilk yarısında və yay aylarında kifayət qədər insanlar istirahətlərinə vaxt ayırdılar. Çünki 2020-ci ildə olan qapanmalardan sonra insanların buna həm fiziki, həm də psixoloji olaraq ehtiyacları var idi. Və bu zərurətdən doğaraq ötən illə müqayisədə daxili turizmdə aktivlik müşahidə edildi”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspert həmçinin vurğulayıb ki, ölkə əhalisinin bahalaşma fonunda istirahətə nə qədər vəsait xərclədiyi barədə konkret rəqəm açıqlamaq qeyri-mümkündür. Amma bu ilin 7-8 ayı ərzində həmin vəsait artan xətt üzrə inkişaf edib: “Avqust ayından etibarən isə bu xərclərdə azalma müşahidə edilir. Bunun səbəbi həm mövsümlə, həm də inflyasiya ilə bağlıdır. Və qiymətlərin artması səbəbindən artıq insanlar öz xərclərinə daha çox nəzarət etməyə, qənaət psinsipi ilə yaşamağı seçməyə başladığından istirahətə ayrılan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə azalıb”.

E.Əmirov onu da qeyd edib ki, hazırda insanlar gəlirlərinin 50 faizini qida və ərzaq məhsullarına sərf edirlər: “Bunun da əsas səbəbi istehlak məhsullarının, ələxüsus da ərzaq məhsullarında olan qiymət artımlarıdır”.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görı, 2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb. 

Oxunma sayı 121