İntihar halları - günahkar ailələrdir?

14:02 25.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlər müxtəlif sosial platformalarda intihar hadisələri ilə bağlı xəbərlər tirajlanır. Yayılan xəbərlərdə intihar edən şəxslərin əksəriyyətinin daha çox ailədaxili münaqişə qurbanına çevrildiyi önə çəkilir. Ekspertlər isə hesab edirlər ki, intihar faktları ilə bağlı birmənalı şəkildə fikir yürütmək doğru deyil və bu məsələnin hərtərəfli araşdırılmasından sonra konkret rəyə gəlmək mümkündür.

Bəs, görəsən, bu məsələdə daha çox cəmiyyət, yoxsa, ailə günahkardır? Bu problemin aradan qaldırılması üçün hansı addımları atmaq olar?

Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, əslində dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar faktları azdır: “ÜST-ün məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir. Bu məsələdə ön sıralarda Litva (hər 100 min nəfərə 31,9 intihar), Rusiya (hər 100 min nəfərə 31 intihar) və Belçika (hər 100 min nəfərə 20,7 intihar) kimi ölkələr yer alır. Azərbaycana gəlincə, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Müqayisə üçün qonşu Gürcüstanda bu say 8,2-dir. Amma bütün bunlara baxmayaraq, belə halların Azərbaycanda mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə apatılmasını diktə edir. Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır.İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün  Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun)  birgə əməkdaşlığı ilə  fəaliyyət  göstərən (860) qaynar xəttinin xidmətlərindən istifadə etmək lazımdır”.

Mediadan daha həssas yanaşma tələb olunur

Qurumdan həmçinin bildirilib ki, aparılan bir çox elmi tədqiqatlara görə, hər bir belə faktın mediada yayılması, geniş müzakirə edilməsi nəticəsində intihar hallarında artım müşahidə olunur: “Bu səbəbdən bəzi ölkələrdə  bu barədə məlumatların -  intihar edənin şəkilləri, intihar etmə vasitəsi və s. detalların KİV-də yayımlanması tövsiyə olunmur. Məsələn, Avstriyada, İngiltərədə belə bir təcrübə var. Odur ki, mediada intihar və zorakılıq hallarının işıqlandırılmasına daha həssas  yanaşılmalı, bu məsələlər  daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki internet resursları, KİV  həm də təbliğat vasitəsidir. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, insanların rifahı üçün bu gün bu vasitələrin pozitivə işləməsi  daha faydalı ola bilər. Zorakılıq, ümidsizlik, ruh düşkünlüyü kimi mənfi halları nümayiş etdirən informasiya resurslarının, animasiya, film, serial nümunələrinin geniş surətdə təbliği sahəsində  ehtiyatlı davranmaq lazımdır. İntiharlarla mübarizə kimi məsuliyyətli iş əlaqədar dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyətinin qarşısında bir sıra vəzifələr qoyur. İnsanların yaşadığı, təhsil aldığı və işlədiyi sahələrdə nikbin psixoloji ab-havanın yaradılması, uşaq, yeniyetmə və gənclərin maraqlarına uyğun məşğuliyyət sahələrinə yönləndirilməsi kimi tədbirlərin görülməsi insanlarda ruh yüksəkliyinə, bir-birinə inamın artmasına səbəb ola bilər. Bir vacib məqamı da diqqətdən kənarda qoymaq olmaz. Hər intihar hadisəsindən sonra cəmiyyətdə bir çaxnaşma və ittihamlar dalğası yaranır. KİV nümayəndələri, sosial fəal insanlar bir qayda olaraq hansısa konkret şəxsi, ailə üzvlərini və yaxud rəsmi qurumları hədəfə alaraq günahkarı cəzalandırmaq barədə müzakirə aparmağa daha çox üstünlük verməklə, əsil səbəblərin , yuxarıda sadalanan problemlərin diqqətdən kənarda qalmasına “töhfə” vermiş olurlar”.

Qurumda hesab edirlər ki, intihar və onu doğuran səbəblər haqda ciddi araşdırmalara, təhlillərə və müsbət təcrübələrə söykənən yanaşmaların formalaşması üçün səylərin və məlumatlılığın artırılmasına ehtiyac var: “Çoxsaylı problemlər məngənəsində intiharı çıxış yolu kimi qəbul edən insanı xilas etmək üçün preventiv tədbirlərə, həssas münasibətə, xüsusilə ailə üzvlərinin, doğmaların və yaxınların diqqət və qayğısına əsaslanan addımlar atmalı, ictimai müzakirələrdə ehtiyatlı davranmalıyıq. Diqqəti  həm dəyişdirilməsi mümkün olmayan ağır nəticələr haqqında , həm də və daha cox onun baş verməsinə səbəb olan stereotiplərin, bəzən adət-ənənə adı altında cəmiyyətə təqdim olunan zərərli vərdişlərin, hec bir hüquqi  və mənəvi cərcivələrə sığmayan  zorakı davranışların aradan qaldırılmasına yönəltmək lazımdır.  Özü də bu, hər birimizin bir fərd, hamımızın bir toplum olaraq birgə görəcəyimiz bir iş olmalıdır. O zaman həyat hər kəsi bir andaca ondan imtinaya deyil, daha çox onu sevə-sevə yaşamağa ruhlandıracaq”.

Sosial-iqtisadi aspekt intiharda əsas rol oynamır

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, hüquqşünas Sahib Məmmədov hesab edir ki, əslində intihar psixoloji gərginliklə əlaqəli olan məsələdir: “İntiharların əsas səbəbinin maddi çətinlik olması inandırıcı deyil. Bu məsələdə sosial-iqtisadi aspekt əsas rol oynamır. İntihar əsasən psixoloji problemlərlə əlaqəlidir. Bunu bəziləri insanların guya sosial problemlərinin artması ilə əsaslandırırlar. Mən bu fikrin tam əleyhinəyəm. Məsələn, dünyanın elə inkişaf etmiş ölkələri var ki, orada intiharlar, xüsusən də gənclərin intihar halları daha çoxdur. Norveç dünyanın inkişaf etmiş ölkələrindəndir. Bu ölkədə sosial problemlər azdır. Amma Norveçdə intiharlar daha çoxdur. Özü də orada gənc yaşlılar arasında intihar halları çoxluq təşkil edir. Ona görə də bu halların sosial problemlərlə əlaqələndirilməsinin əleyhinəyəm. Ola bilər ki, intihar edən şəxsin hansısa psixi gərginliyi olub və burada sosial problem sadəcə bəhanə rolunu oynayır. Hansısa problemi yaranır, onu həll edə bilmir, çarəsiz vəziyyətə düşür və bu yola əl atır. Amma əslində, intiharın kökündə psixoloji faktorlar durur".

İntihar elə psixoloji haldır ki...

Məsələyə münasibət açıqlayan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, son zamanlar həm sosial şəbəkələr, həm mətbuat intiharla bağlı məlumatları dərhal yayır. Onun fikrincə, bu barədə məlumatların gizlədilməsi faktı ola bilməz: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda hər 100 min nəfərindən təxminə 5-nin intihar etdiyini açıqlayıb. Düşünürəm ki, komitənin açıqladığı statistika realdır. İndiki dövrdə hansısa intihar faktının gizlədilməsi inandırıcı deyil. Ümumilikdə isə intihar statistikası dövrün hadisələrinə uyğun olaraq dəyişir. İntihar elə psixoloji haldır ki, onun motivini şəxsin özündən başqa heç kim bilmir. Keçən il sığınacaqda qadınlar arasında keçirdiyimiz sorğunun nəticələrindən məlum oldu ki, onlar da nə vaxtsa intihar barədə düşünüblər. Yəni bu fikir zaman-zaman istənilən şəxsin ağlına gələ bilir. Bu baxımdan insanlar ilk növbədə neqativ enerjini özlərindən uzaq tutmağa çalışmalıdırlar. Məsələn, son hadisələrdən misal çəksək, intihar edən qız - Sevil Atakişiyeva “Bədbəxt qadınlar klubu” səhifəsinin üzvü olub. Yəqin ki, orda ancaq neqativ şeylər paylaşırlar. İnsan daim mənfi enerji alanda psixologiyası çökür. Adam gəncdir, hər gün orda neqativ hadisələr oxuyur və onların təsiri altından çıxmağa gücü çatmır. Sevil artıq özü psixoloji yardıma ehtiyacı olduğunu hiss etmişdi. Bizdə pulsuz yardım göstərən mərkəzlər varmı? Var, amma onların sayı çox azdır. Əslində Azərbaycanda yaxşı psixoloqlar da çox az saydadır. Hətta elə psixoloqlar var ki, özləri travmalıdırlar, pasiyentləri sağaltmaq əvəzinə, daha da xəstələndirirlər”.