İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İraqdakı iranlı müxalifləri tərksilah etmək üçün Bağdad administrasiyası ilə əldə olunan razılaşmanın icrası münasibətlərdəki “qara ləkəni” siləcək.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, Abdullahian bu barədə Tehrana iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında deyib. "Cənab Fuad Hüseyn terror qruplaşmalarının aradan qaldırılması və tərksilah səyləri haqqında məlumat verdi. İraq önümüzdəki günlərdə təhlükəsizlik razılaşmasının maddələrini tam şəkildə həyata keçirəcək", - o, deyib.
Terrorçulara fürsət verilməsinin İran, İraq və İraq Kürd Regional Rəhbərliyinin təhlükəsizliyinə zərər verəcəyini ifadə edən Abdullahian, "Mövcud təhlükəsizlik razılaşması çərçivəsində bu qara ləkə İraq və İran əlaqələrindən silinməlidir" deyə bildirib.
İraqın XİN başçısı Hüseyn də terror qruplaşmalarını iki ölkə sərhədlərindən təmizləməkdə qərarlı olduqlarını bildirib. Hüseyn "Biz təhdid vasitələrindən əl çəkməli, dialoq və danışıqlara davam etməliyik. Razılaşmaya sadiq olduğumuzu bəyan etdiyimiz bu vəziyyətdə gözləntimiz iki ölkə arasında şiddət dilinin olmamasıdır" deyib.