ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin bəzi analitikləri İranın Rusiyaya pilotsuz uçan aparat - PUA istehsalı müəssisəsinin yaradılmasına kömək etdiyini bildiriblər.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, ABŞ kəşfiyyat rəsmiləri müəssisənin istehsal gücü ilə Rusiyaya indiyədək İrandan aldığı PUA-ların sayından qat-qat artıq bir döyüş aparatı təmin edəcəyini bildirib.
Amerikalı analitiklərin fikrincə, zavodun tikintisinin 2024-cü ilin əvvəlində başa çatdırılması gözlənilir. Bildirilir ki, Rusiyanın inşa etdiyi bu obyektdə istehsal olunacaq PUA-lar Ukraynadakı münaqişənin gedişinə əhəmiyyətli dərəcədə təsir edə bilər.
Pentaqon iddia edir ki, İran obyektin tikintisinə kömək etmək üçün mütəmadi olaraq Rusiyaya avadanlıq göndərir.
Bundan əvvəl Vaşinqton İranı Rusiyada dron istehsalı müəssisəsi tikməkdə ittihamlayıb. Xüsusilə, ABŞ Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasının ərazisində tikilməkdə olduğu iddia edilən fabrikin fotoşəkillərini dərc etmişdi.
ABŞ-ın bu iddiaları ilə bağlı nə İran, nə də Rusiya hələlik heç bir açıqlama verməyib.