İlk Ümumdünya İnsan Haqları Bəyannaməsinin elan edilməsinin 2550-ci ildönümü ilə bağlı Moskvada bir qrup səfir və mədəniyyətsevərlərin iştirakı ilə keçirilən mərasim İran səfiri Kazım Cəlalinin ABŞ prezidenti Donald Trampın Kuruş adlandırılmasını ələ salması ilə müşayiət olunub.
Hafta.az-ın yazdığına görə, Şərq sivilizasiyasının hər zaman tolerantlıq, insan ləyaqətinin qorunması və birgəyaşayış mədəniyyətini vurğulamaq üzərində qurulduğunu bildirən səfir deyib: “Biz cinayətkar sionist rejimin rəsmilərindən birinin “Böyük Kuruş kimi Tramp” ifadəsini işlətdiyinin şahidi olduq. ABŞ prezidentinə bu cür müraciət edənlərə xatırlatmalıyıq ki, Qəzza adlı kiçik bir torpaqda on minlərlə insanın qətlə yetirilməsinə dəstək verən adama insan haqları tərəfdarı demək olmaz”.
Diplomat qeyd edib ki. bu gün hər kəs həm insan haqlarına, həm insanların fərdi hüquqlarına, həm də bir millət olaraq insanların kollektiv hüquqlarına hörmət etməlidir. “Eyni şey Şərq mədəniyyətində, xüsusən də İslam İranında var və indi bizdə də yəhudilər, xristianlar və zərdüştilər bir yerdə sülh şəraitində yaşayırlar, necə ki, bu gün Rusiyada İbrahimi dinlərin sülh şəraitində yaşadığını görürük”, - o deyib.
Səfir Cəlali, İran sivilizasiya ənənələrinin region ölkələrində yüksək statusuna toxunaraq əlavə edib ki, hamı bu görüşlərdən xalqların əlaqələri və daxili birliyini gücləndirmək, köklü və sivil xalqlar arasında nifaq yaratmaq istəyənlərin səylərini zərərsizləşdirmək üçün istifadə etməlidir.