İran səfirliyindən təkzib

17:08 14.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikasının anlayışlı xalqı və KİV-lərinin diqqətinə çatdırılır ki, son günlər ərzində İran İslam Respublikasının yüksək rütbəli şəxslərinin açıq-aydın mövqe sərgiləməsinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəmin "Azərbaycan Respublikası müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır" açıqlamasının ardından iki ölkənin səmimi əlaqələrinə xələl gətirmək məqsədi güdən iki dost və qardaş ölkənin düşmənləri yalan məlumatlar yayaraq, bir qrup bacı-qardaşlarımızın narahatçılığına səbəb olub".

Hafta.az yazır ki, bu sözlər İranın ölkəmizdəki səfirliyinin yaydığı təkzib açıqlamasında deyilir. Səfirlik bildirir ki, İranın Azərbaycan mövqelərini top atəşinə tutması, İranın Kaşan şəhərindən bir təyyarənin Qarabağa uçması və İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər tamamilə əsassızdır.
"Azərbaycan və İran xalqlarının bədxahları məşum media mexanizmlərindən istifadə etməklə ictimai rəyi aldatmağa və həqiqətləri gizlətməyə çalışırlar. Son günlər yüksək vəzifəli İran rəsmilərinin, xüsusən İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusu generallarının Azərbaycana dəstəkləyici açıqlamaları bu saxtakarların yalanlarını ifşa etdi. Çünki bu açıqlamalar iki ölkə xalqlarının düşmənlərinin maskasını cırdı və onların çirkin simalarını şərəfli Azərbaycan xalqı üçün aşkar etdi. Azərbaycanın düşməninə qarşı hərbi əməliyyatlar aparılarkən, İrana qarşı da psixoloji təxribatçı əməliyyatlar aparılır. İranın bu həcmdə təbliğat hücumları, yalan və əsasən gülünc iddialarla üzləşməsi sual doğurur. İran və Azərbaycana qarşı olan bu psixoloji əməliyyatın mətbəxi haradır və kimlər tərəfindən idarə olunur? Şübhəsiz bu cür xəbərlərin əsas məqsədi iki ölkə arasında inkişafda olan münasibətlərin korlanması və düşmənlərin pis niyyətlərinə uyğun olaraq cəmiyyətdə təşviş yaratmaqdır. Onların məqsədləri, Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisinin vurğuladığı kimi, hər iki ölkəyə xəyanətdir. İran və Azərbaycan xalqları dost və qardaşdır. Bir daha vurğulayırıq ki, bu dostluq və qardaşlıq sonsuza qədər davam edəcək və heç kim onu poza bilməz" deyilən açıqlamada əlavə olunur ki, İranın, Azərbaycanın öz ərazilərinin işğaldan azad edilməsində və terrorla mübarizədə dəstəyi davam edəcək. Səfirlik bu yalan və əsassız xəbərlərin yayımlanmasını qətiyyətlə rədd edir və şayiələrin səbəbkarlarını qınayır.