İran xalqı dini dövlətdə yaşamaq istəmir - Politoloq

18:09 18.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın müstəqilik qazanmasından sonra İran teokratik rejiminin Azərbaycana neqativ münasibətləri, islam və türk düşmənçiliyi ilə seçilən Ermənistana açıq dəstək vermələri, Azərbaycanda dindarlar arasında İrandan ixrac olunan şiəlik ideologiyasına qarşı şübhələri artırdı.

Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib:

“İranda dəfələrlə teokratik rejimə qarşı baş qaldıran xalqın etirazları bir daha göstərdi ki, İran xalqı dini dövlətdə yaşamaq istəmir. İranın “islam inqilabı” ixracı öz içindən iflasa uğradı. İran xalqı dindən tamamilə uzaq olan bir dünyəvi demokratik dövlət qurmaq arzusunda olduğunu nümayiş etdirdi. Əslində, bunlar, 1979-cu ildə liberal ABŞ və Fransanın, kommunist SSRİ-nin dəstəyi ilə hakimiyyətə gətirilən saxta teokratik rejimin apardıqları siyasətin nəticəsi idi. İmperialistlər bu rejimlə Yaxın Şərqi antoqonist sünnü və şiə geosiyasi cəhbələrinə bölməklə müsəlmanları İsrailin qarşısında zəiflətdilər, digər tərəfdən, monarxiyadan qurtulmaq istəyən azad iran türklərini “islam inqilabı” imitasiyası ilə aldatdılar. Artıq, gerçəklər ortadadır. Azərbaycan və Türkiyənin milli siyasətçiləri nə İran, nə də Şimali Qafqaz xalqlarının azadlıq mübarizəsində növbəti dəfə aldanmalarına imkan verməməlidirlər.

Bundan əlavə İranda və Qafqazda ənənəvi İslam cərəyanları arasında -təsəvvüfə əsaslanan sünnülük və şiəlik arasında teoloji baxımdan ziddiyyət olub. Təsəvvüf və şiəlik Əhli-Beyt, təvəssül, şəfaət məsələsində təqribən ortaq baxışlara malikdirlər. Lakin, qeyri-ənənəvi islam cərəyanları bu baxışların Qurana zidd olduğunu və bu səbəbdən, təsəvvüf və şiəlik nümayəndələrini kafirlikdə ittiham edirlər. Azərbaycanda yaşayan müsəlmanların 55-60%-nin, İranda yaşayan türklərin 95%-nin şiə olduğunu nəzərə alsaq -sünnü İran türkmənləri istisna olmaqla, bu durumun xoşagəlməz hal aldığını nəzərə ala bilərik. Lakin, onu da nəzərə almalıyıq ki, ənənəvi İslam cərəyanları -təsəvvüfə əsaslanan sünnülük və şiəlik bölgədə müsəlmanların rus və fars imperiyalarına və ya fars ideologiyasına itaətdə saxlanılmasına xidmət etmişdir. Buna görə də, həm fars teokratik rejimi, həm də rus imperiyası qeyri-ənənəvi islam cərəyanlarının (sələfilik) bölgəyə daxil olmasının qarşısını birlikdə almağa çalışırlar. Bu baxımdan, şiəlik, təsəvvüf və pravoslavlıq arasında bir geosiyasi əməkdaşlıq mövcuddur”.