İran hakimiyyəti ölkənin şimalında bəhai dininə mənsub bir neçə nəfəri İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edib.
Hafta.az-ın yazdığına görə, İranın ən böyük qeyri-müsəlman dini azlığı olan Bəhailər tez-tez Təl-Əvivə casusluq etdikləri iddiası ilə hədəfə alınırlar. Bildirirlər ki, Bəhailərin ən mühüm ziyarətgahları və Bəhai Dünya Mərkəzi İsraillə bağlantılıdır.
Fars xəbər agentliyinin yazdığına əsasən, İran Təhlükəsizlik Nazirliyi və İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının birgə bəyanatında deyilir ki, bəzi bəhai üzvləri şimaldakı Gilan əyalətində saxlanılıb. Sözügedən bəyanatda məhbusların işğal olunmuş Fələstin torpaqlarında yerləşən Ədalət Evi kimi tanınan Sionist Mərkəzlə birbaşa və ya dolayısı ilə əlaqəli olduğu bildirilib.
Gilanda “azğın bəhai təriqəti” təşkilatını canlandırmaq üçün strateji vəzifə götürdüyü iddia edilən bəyanatda deyilir: “Bu qrupun həm də müstəmləkəçilik tərəfindən uydurulmuş Bəhai təlimlərini müxtəlif səviyyələrdə, məsələn, mədəni, sosial və təhsil məkanlarında, xüsusən də uşaq və yeniyetmələr üçün musiqi məktəblərində yaymaq vəzifəsi vardı”.
İran hakimiyyəti xristianlıq, yəhudilik və zərdüştilik kimi digər qeyri-müsəlman azlıq dinlərindən fərqli olaraq Bəhai dinini tanımır, baxmayaraq ki, bu təriqət hələ də ölkədə ən böyük qeyri-müsəlman azlıqdır.
İranda 19-cu əsrin əvvəllərinə təsadüf edən nisbətən yeni din olan bəhaizm insanlar arasında birlik və bərabərliyə çağırır. Bəhai inancının mənsubları Qacarlar və Pəhləvilər kimi sülalələr dövründə din xadimlərinin ənənəvi rəqibləri arasında olublar.
Rəsmi Tehran avqust ayında Bəhai icmasının bəzi üzvlərinin Gilanla qonşu Mazandaran vilayətində saxlanıldığını elan edib.
2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası İranı dini azlıqlara qarşı əsassız həbs əməliyyatlarını dayandırmağa, həbsdəki bəhailəri sərbəst buraxmağa çağıran qətnamə qəbul edib.