İranda Novruz bayramının adət-ənənələri

11:55 17.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Hər bir xalqın mədəniyyətində onun tarixindən və mədəniyyətindən qaynaqlanan günlər var. Bu günlər o xalqın milli kimliyinin göstəricisidir. Hicri şəmsi ilinin ilk günü olan Novruz (yeni gün) bu günlərdən biridir. Novruz İranın tarix və mədəniyyətindən qaynaqlanan bir gündür. İran öz yeni ilini məhz Fərvərdin ayının 1-də, yəni Novruz bayramında başlayır. İran İslam Respublikasının rəsmi təqvimi məhz bu tarixdən başlayır və başqa dövlətlərlə olan əlaqələr bu təqvimə əsasən nizamlanır".

Hafta.az-ın yazdığına görə, bu sözlər İranın ölkəmizdəki Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcanın yazdığı məqalədə deyilir. Qeyd olunur ki, bir çox əfsanəvi dastan və rəvayətlər Novruzu qədim Pişdadi dövrünə, yəni Pişdadi şahı Cəmşidin zamanına aid edilir. Firdovsinin "Şahnamə"sində Novruz, Cəmşidin dövlət işlərinə asudə olaraq, ölkə və qoşun başçılarını öz ətrafına toplayıb, bayram keçirdiyi gün bilinir. Bu Fərvərdinin ilk günü, yəni novruz idi.

"Üç min ildən çox tarixi olduğu deyilən Novruz bayramı qədim zamanlardan iranlıların mühüm bayramlarından olub. Elə buna görə də günümüzədək tarixin eniş yoxuşlarından keçərək öz yüksək məqamını xalqın umumi mədəniyyətində hifz edə bilib. Novruz bayramı İranda, Azərbaycanda, Orta Asiya respublikalarında və bir çox başqa müsəlman ölkəsində qeyd olunur. Novruzun yaranmasına tanınmış şair və alimlərdən Firdovsi, Rudaki, İbn Sina, Nizami Gəncəvi, Sədi, Hafiz və başqaları da öz əsərlərində yer veriblər. Novruzun gəlişi klassik şərq poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir", - Ə.Purmərcan yazır.

Əsrlərdir ki, novruzda İranda bir sıra el adətləri icra olunur: 

Novruzda ev təmizləmək

“Ev təmizləmək" sözü İranda daha çox novruzun gəlməsi münasibətilə yumaq, təmizləmək, yeni əşya almaq, xalça və paltarları təmir etmək mənasında işlədilir. Ev təmizləmək İranda novruzdan bir ay əvvəl başlayır və novruzu qarşılamaq ayinlərindən hesab olunur. Evtəmizləmədə bütün əşyaların yeri dəyişdirilib,  təmizlənir, təmir olunur və yenidən öz yerinə qoyulur.

Səməni cücərtmək

"Səməni cücərtmək qədim zamanlardan ailələrdə adətdir. Qədim İranda novruzdan iyirmi beş gün əvvəl şəhər meydanında çiy palçıqdan on iki sütun düzəldilirdi və hər bir sütunda buğda, arpa, düyü, lobya, noxud, küncüd və mərci əkirdilər. Fərvərdin ayının altısı isə bunları qoparıb hər yana səpirdilər" yazan müəllif qeyd edir ki, indinin özündə də bütün ailələr novruzdan bir həftə - on gün öncə boşqab və kuzələrdə buğda, mərci, lobya və sair əkirlər və il təhvil olan zaman onları “həft sin” süfrəsinə qoyurlar. Bu yaşıllıqları Fərvərdinin on üçü “sizdəh be dər” üçün çölə getdikdə özləri ilə aparıb axar suya atırlar.

Həftsin süfrəsi

"Həftsin (yeddi s) süfrəsini tənzim etmək qədim adət inanclardan biridir ki, il təhvil olan zaman bütün ailə üzvləri həftsin süfrəsi ətrafında toplaşırlar. Ağ həftsin süfrəsində sin hərfilə başlayan cücərən yeddi ərzaq növü olur ki, bunlar bitki və əkinçilik məhsullarının bolluğuna nişanədir. Alma, səməni, sencid (iydə), sumaq, sarımsaq, sirkə, səməni və həmçinin Qurani Kərim, güzgü, şam, bir qab süd, bir qab suda narıncıya boyanmış yumurta, qırmızı balıq, çörək, gülab, gül, sünbül və sikkə İran həftsin süfrəsini təşkil edən ünsürlərdirlər. Bu süfrələr bir çox ailələrdə fərvərdinin on üçünə qədər açıq olur", - müəllif yazır.

İl təhvili

Novruz bayramında il təhvil  olan zaman hamı süfrə başında oturaraq bu duanı oxuyur:

Ya muqəllibəl-qulubi vəl-əbsar. Ya mudəbbirəl-ləyli vən-nəhar. Ya muhəvviləl-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal.

Tərcüməsi: ”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!“.

Müəllifin yazdığına görə, Müqəddəs Məşhəd və Qum şəhərlərində olanlar ziyarətgahda olmağa üstünlük verirlər.

Təzə paltar geyinmək

Novruz adətlərindən olan təzə paltar geyinmək  geniş yayılıb. "Yeni il təhvili üçün təzə paltar almaq varlı və kasıbı özünə məşğul edir. Ənənəvi keçmiş cəmiyyətdə kasıblara, işçilərə, xüsusilə də uşaqlara təzə paltar almaq vacib adət olub. İranlı padşah və əmirlərin də novruz bayramında öz xidmətçilərinə təzə paltar geyindirməsi və xələt verməsi də adətlərdən sayılıb. Bu barədə şair və tarixçilər öz əsərlərində çox yazıblar. Bu gün İran İslam Respublikası və onun xalqı ilahi nizam bərəkəti, qədim və zəngin mədəniyyətə, sivilizasiyaya malik olmaqla novruz astanasında xeyrxahanə və sadiqanə köməkləri mərkəzləşdirilmiş sistem şəklində yığaraq cəmiyyətin ehtiyaclıları arasında yeni il başlamamış paylayırlar", - məqalədə yazılır.

Novruz yeməkləri

Yeməklər xüsusi məhsul və iqlim şəraitini nəzərə almaqla hər məntəqənin ən yaxşı və az tapılan yeməklərindən olaraq novruz günlərində istifadə olunur. İctimaiyyətin bütün təbəqələri varlılar və kasıblarda yaxşı yemək əldə etmək üçün əliaçıqlıq edirlər.

Bu gün İranın bir çox məntəqəsində balıqlı səbziplov və riştəplov kimi yeməkləri novruzda bişirmək adətdir. Plov İran xalqının ümumi mədəniyyətində əsas yemək sayılır.

Novruz bayramlaşması

Müəllif qeyd edir ki, Novruz ayinlərindən biri də bayram görüşləridir: "İranda novruz günü öncə nəsildəki yaşlıların, sonra isə ictimai və elmi şəxslərin görüşünə getmək adətdir. Bir çox bayram görüşlərində isə bütün ailə üzvləri iştirak edirlər. Novruzdakı bayram görüşləri Fərvərdinin birindən on üçünə qədər davam edir. Bundan əlavə, iranlılar novruz tətillərində tarixi şəhərlər, turist və istirahət mərkəzləri, səfalı yerlər, şəxsi villalar, Xəzər sahilində şəhərlər, həmçinin qonşu ölkələrə və dünyanın müxtəlif məntəqələrinə səfər etməyi xoşlayırlar".

İlk novruz

"Novruz bayramlaşmalarında bir adət də var: vəfat etmiş insanların evinə gedilər. Yaslı ailələr adətən məsciddə keçirilən üç, yeddi, qırx mərasimindən əlavə, novruzun il gününü ölümündən on bir ay belə keçməsinə baxmayaraq evdə oturarlar. Bu gün qohum ailələr qara matəm paltarını əyinlərindən soyunurlar. Simvolik xarakter daşıyan bu "ilk novruz" məclisi də bayram görüşlərinə aiddir. Belə ki, bu gün görüşənlər məclis sahibinə başsağlığı vermir, əksinə onlara şadlıq arzu edirlər ki, yeni ilin başlanğıcından bəd fal açmasınlar", - məqalədə yazılır.

Novruz hədiyyəsi

Novruz münasibətilə hədiyyə və bayramlıq vermək qədim adətlərdəndir. Tarix kitabları islamdan əvvəl və sonrakı dövrlərdə rəiyyətin şahlara və hakimlərə, hakimlərin vəzirlərə, mirzələrə, xidmətçi və şairlərə, ailə başçısının kiçiklərə, xüsusilə də uşaqlara hədiyyələrindən xəbər verirlər.

"Bu gün ailədə cavanlara və uşaqlara bayramlıq vermək, imkansızlara, iş yerində olan xidmətçilərə, süpürgəçilərə və poçtalyonlara bayramlıq vermək bir növ onların zəhmətlərinin əvəzi və xidmət gözləmək intizarıdır. Bugünki bayramlıqlar daha çox yeni əskinas və nəğd formada olur. Çünki bu pul adətən ailələrdə Quran səhifələri arasına qoyularaq sonra hədiyyə verilir ki, yeni ildəbərəkətli və ruzili olsun", - Ə.Purmərcan yazır.

"Sizdəh bedər"

İranda Fərvərdin ayının on üçüncü gününü sizdəh bedər deyilir və bu gün təbiət günü adlandırılır. Novruz şənliklərinin sonuncusu sayılan bu gündə bütün insanlar ailələri ilə təbiətin qoynuna, dağ ətəklərinə və çöllərə gedərək, o günü səhərdən gün batanadək orda keçirirlər.

Axır Çərşənbə

Axır çərşənbədə müxtəlif quru meyvələrdən, o cümlədən badam, xurma, iydə, əncir, kişmiş və şirniyyatlardan ibarət “Acil” hazırlanır. Rəngarəng şamlar yandırmaqla bütün ailə bir yerə toplaşır, quru meyvə və şirnilərdən yeyə-yeyə baba-nənələrin nağıllarına qulaq asırlar. Şam yandırılması işıqlıq və aydınlıq rəmzi sayılır. Şamlar bütün otaqlarda, hətta mətbəx və hamamda belə yandırılır. Yəni evin hər bir guşəsinə işıq saçmalıdır.

Böyk Şəhriyar “Heydər babaya salam” mənzum əsərində Novruz bayramının nəcib və şahanə gözəlliyini, adətlərini incə zövqlə qələmə alıb:

"Bayram idi gecəquşu oxurdu, 

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq".

"2010 cu il fevral ayının sonunda BMT-də qəbul edilən qətnaməyə əsasən Novruz bayramı "Beynəlxalq Novruz günü və dünyada sülh mədəniyyəti günü" kimi qeyd olunur. Qətnamənin mətni İran İslam Respublikası, Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın BMT-dəki daimi nümayəndəlikləri tərəfindən müştərək şəkildə hazırlanıb. Hindistan, Albaniya və Makedoniya da səsvermədən əvvəl təşəbbüsçü ölkələrin sırasına daxil olublar. Təklif verən ölkələrə görə, beynəlxalq Novruz günü və dünyada sülh mədəniyyəti günü qətnaməsinin qəbulu BMT-nin əsas yaranma səbəblərindən biri, yəni dünya sülhünün müxtəlif ölkələrin mədəniyyətlərinin qorunması vasitəsilə qüvvətlənməsi, milli mədəniyyətlərə ehtiram, dünya mədəniyyət mirası və mədəniyyət müxtəlifliyidir", - məqalənin sonunda deyilir.