Milli hərəkatda idim. 1975, 2000-ci ildə dəfələrlə həbs olunmuşam. İstər Şah rejimində, istər İran Islam deyilən respublikanın hakimiyyəti mənə qarşı çox təzyiqlər edirdilər. Mən 40 milyon türkün yaşadığı İran adlanan Cənubi Azərbaycanda öz mədəniyyətimi, ənənəmi, dilimi yaymaq, onu qorumaq üçün çalışırdım, məqalələr yazır, azərbaycanlıların üzləşdiyi problemləri deyirdim. Ona görə də mənə qarşı ölüm təhdidləri oldu. Beləcə təzyiqlərə dözə bilmədim və İran adlanan yeri tərk elədim. Əvvəlcə Bakıya gəldim və BMT xətti ilə ABŞ-dan sığınacaq aldım.
Bu fikirləri hafta.az-a hazırda ABŞ-da mühacir həyatı yaşayan Əli Süleymani deyib.
“İranda, Cənubi Azərbaycanda yaşayan türklərə, soydaşlarımıza qarşı təhdid və təzyiqlər bu gün də var. Bu gün də Azərbaycan dilində məktəbimiz yoxdur. Dilimizi belə bizə unutdurmaq istəyirlər. Azərbaycanlıların yaşadığı yerlərdə işsizlik hökm sürür. O qədər baxımsızlıq var ki, əhali o yerləri tərk edir. Bir çox hallarda azərbaycanlılar məcbur olub farsların çox yaşadığı şəhərlərə köçürlər. Çünki o yerlərdə işləmələri, yaşamaları üçün imkanlar var. Və beləliklə türklərin assimlyasiyası baş verir”.