İraq Kürd Regional Rəhbərliyinin (KRG) sədri Nəçirvan Bərzani Ərbildə mətbuata açıqlamasında aktual məsələləri dəyərləndirib.
Hafta.az-ın yazdığına görə, Bərzani "İraq Kürdüstan Regional Rəhbərliyi olaraq, İrana qarşı çıxan partiya və qrupların tərksilah edilməsi üçün Bağdadla Tehran arasında əldə edilən razılaşmaya sadiqik. Bölgəmizin təhlükə mənbəyi olmasını istəmirik. Burada İrandan hücumlara heç bir bəraət qazandırmaq mümkün deyil” deyib.
Bu arada, İraqın xarici işlər naziri Fuad Hüseyn dünən İran əleyhinə rejim təşkilatlarının sərhədi keçməsinə icazə verməyəcəklərini bildirib. Hüseyn, "İranın Kürdüstandakı bəzi bölgələrə hücumunu qəbul etmirik. İran, İraq və İraq Kürdüstanı hökuməti ilə razılaşmaya əsasən, bu qrupların sərhəd bölgələrindən çıxarılması üçün lazımi addımlar atılıb və düşərgələrə yerləşdirilib" deyib.
İran İraqla imzalanmış müqaviləyə əsasən, İraqın şimalında fəaliyyət göstərən anti-Tehran hökumət təşkilatlarının sentyabrın 19-dək Bağdad hökuməti tərəfindən tərksilah edilməsini istəyir. Tehran xəbərdarlıq edir ki, əks halda bu təşkilatlara qarşı hərbi hücumlara yenidən başlayacaq.