Uzun illərdir qadınların stadiona girməsinin qadağan edildiyi İranda gələn mövsüm bəzi şəhərlərdə oynanılacaq matçlara qadın tamaşaçıların buraxılacağı deyilir.
Hafta.az-ın "Times of Israel"ə istinadən yazdığına görə, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac “Bu il liqanın ən diqqətçəkən məqamlarından biri qadınların stadionlara girməsinin şahidi olmağımız olacaq” sözləri ilə qərarı açıqlayıb.
16 komandalı liqanın matçında danışan Tac yeni mövsümün gələn ay başlayacağını bildirib.
İran Futbol Federasiyasının prezidenti Tac qadınların İsfahan, Kirman və Əhvaz şəhərlərindəki stadionlara girə biləcəyini deyib, lakin paytaxt Tehranda tətbiqin necə həyata keçiriləcəyi barədə məlumat verməyib.
Avqustda qadınlara illər sonra ilk dəfə milli liqa oyununu izləməyə icazə verildi. İstisna kimi qeydə alınan qarşılaşma Tehran komandası “İstiqlal” və “Mes Kerman” klubları arasında keçirilib. Digər müvafiq istisna 2019-cu ilin oktyabrında İranın Kambocaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunları zamanı edilib. Tehranın "Azadi" stadionunda oynanılan qarşılaşmaya 4 min qadın tamaşaçı buraxılıb.
İranda qadınların idman yarışlarında iştirakına mane olan qanun yoxdur, lakin 1979-cu il İslam İnqilabından sonra qadın tamaşaçılar futbol və digər idman növlərinə buraxılmır.
Ölkədəki qərar mexanizmlərində mühüm rol oynayan mollalar qadınların idman meydançalarında kişi mühitindən qorunmalı, “yarı üstüörtülü” kişi idmançıları görməməli olduğunu müdafiə edirlər. Bəzi məmurlar deyir ki, idman obyektlərindəki infrastruktur problemləri qadınların içəri girməsinə mane olur.
İran 2019-cu ildə Səhər Hudayari adlı "İstiqlal" tərəfdarının ölümündən sonra qadınların stadionlara buraxılması üçün artan təzyiqlərlə üzləşib. Hudayari "İstiqlal"ın oynadığı matçda kişi kimi oynamaq istəyərkən yaxalanıb və həbsə düşmək qorxusundan özünü yandırıb.