İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətindəki İnqilab Keşikçiləri Ordusuna bağlı xüsusitəyinatlı qüvvələrin alay komandiri, general Hüseyn Almasiyə qarşı suiqəsd hadisəsi baş verib.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, kimliyi bilinməyən dörd nəfər əyalətin inzibati mərkəzi sayılan Zahedan şəhərində yerləşən 110-cu Salmani Farisi Xüsusitəyinatlı Qüvvələrinin hərəkətdə olan avtomobilinə atəş açıb. Nəticədə qarşılıqlı atışma başlayıb. Hücum zamanı Almasi xəsarət almasa da, mühafizəçi zabit Mahmud Absalan hadisə yerində həlak olub.
Hücum zamanı öldürülən zabit Absalanın, İnqilab Keşikçiləri Ordusunun Sistan-Bəlucistan əyalətindəki komandan əvəzi, general Pərviz Absalanın oğludur.
Hücum edənlərin kimliyi açıqlanmasa da, vilayət valisinin müavini Əli Rza Mərhəməti, hadisənin şəhərin girişindəki nəzarət postunda baş verdiyini deyib.
Qeyd edək ki, Sistan və Bəlucistanda son günlərdə təhlükəsizlik qüvvələrinə qarşı bu cür hücumlar artıb. Bölgədə 24 martdan bu yana silahlı toqquşmalarda bir polis, iki hərbçi zabit həlak olub.