Ötən həftə qanuni hökm oxunduğu açıqlanan iranlı rejissor Məhəmməd Rəsulaf ölkəsindən gizli şəkildə qaçıb.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, 52 yaşlı Rəsulafın son filmi “Müqəddəs Əncirin Toxumu” bu həftə Kann Film Festivalında premyerası olacaq.
Filmin distribütor şirkətləri olan Films Boutique və Parallel45-in baş direktoru Jan-Kristof Simon bazar ertəsi verdiyi açıqlamada Rəsulafın Avropaya qaçdığını təsdiqləyib: "Biz Məhəmmədin təhlükəli səfərdən sonra sağ-salamat Avropaya çatmasına çox sevindik və rahatladıq. Kann olaraq ümid edirik ki, o, premyerada iştirak edə bilər”.
Bazar ertəsi “Variety”də açıqlaması dərc olunan Rəsulaf, "Uzun və mürəkkəb bir səyahətdən sonra bir neçə gün əvvəl Avropaya çatdım. Qərar verməyə çox vaxtım olmadı. İranı tərk etməklə və həbsə girmək arasında seçim etməli oldum. Böyük təəssüf hissi ilə mühacirəti seçdim və “2017-ci ilin sentyabrında pasportum müsadirə edildiyi üçün İranı gizli tərk etməli oldum” deyib.
Ölkədəki repressiv mühiti sərt şəkildə tənqid edən Rəsulaf fəalların ölüm hökmü ilə hədəf alındığını bildirib. O xatırladıb ki, 33 yaşlı iranlı reper Tumac Salihi Mahsa Eminin ölümündən sonra başlayan etirazlarda iştirak etdiyinə görə edam cəzasına məhkum edilib.
2022-ci ildə 22 yaşlı Emininin hicabını düzgün taxmadığına görə saxlanılaraq öldürüldüyü iddia ediləndən sonra İran küçələrində qarışıqlıq yaranmışdı.
İranda filmlərinə qadağa qoyulan Rəsulaf xaricdə çoxlu mükafatlar almış sənətçidir. “Müqəddəs Əncir Toxumu”nun Kanndakı rəsmi müsabiqə bölməsinə qatılacağı elan edildikdən sonra İran hakimiyyəti filmin çəkilişi üçün həm rejissora, həm də festivala təzyiq göstərib.
Ötən həftə direktorun vəkili Babək Paknia İran İslam İnqilab Məhkəməsinin Resulafı 8 il həbs, şallaq, mal-mülk müsadirəsi və cərimələrə məhkum etdiyini açıqlamışdı. Bu cəzaların əsas səbəbi “milli təhlükəsizliyə qarşı cinayət törətmək niyyəti ilə sui-qəsd”dir.
Əvvəllər dəfələrlə həbsdə olan rejissora qarşı ən ağır cəza ötən həftə açıqlanıb.
Rəsulafın İrandan necə qaçdığı bəlli deyil. “The Guardian” qəzeti rejissorun İran dağlarından Türkiyəyə keçdiyini ehtimal edib.
Rəsulaf 2022-ci ildə “Şər yoxdur” filmi ilə Berlin Film Festivalının ən böyük mükafatı olan “Qızıl Ayı” mükafatını qazanıb. Türkiyədə də səs-küy yaradan istehsal İranda edam hökmünü tənqid edir.