İraqdakı Koordinasiya Çərçivəsi qüvvələri əyalət şurası seçkilərində (yerli seçkilər) üç siyahı ilə iştirak etmək qərarına gəlsə də, bunlara daha bir siyahı əlavə etmək olar. Çünki Koordinasiya Çərçivəsi qüvvələri şiələr üçün mandatların sayını artırmaq məqsədilə 15 əyalətdə paylanmış “kölgə siyahıları” yaratmağa çalışır. Kölgə siyahılarındakı adlar müstəqil namizəd kimi seçki yarışına qatılmalı olsa da, şiə qruplarına sadiq olduqları bilinir.
Hafta.az-ın “Şarkul Avsat”a istinadən yazdığına görə, mənbələr, partiyalarının nüfuzlu təşkilatlarla ittifaq qurmağa məcbur etdikləri üçün seçki siyahılarında namizədlərini qeyd edə bilmədiklərini, böyük koalisiya qüvvələrinin dəstəyi ilə onlarla müstəqil namizədin yarışa qatıldığını bildirib.
Seçkilərdə mübarizə aparacaq namizədlərin Koordinasiya Çərçivə Qüvvələrinə bağlı alt ittifaqlardan olduğunu deyən mənbələrə görə, bu vəziyyətin bu namizədlərin ölkənin şimal və qərbində sünnilərin çoxluq təşkil etdiyi şəhərlərdə mandat qazanmasına kömək göstərəcəyi gözlənilir.
Digər tərəfdən, Kürd Yeni Nəsil Hərəkatı Partiyası təxminən iki həftə əvvəl 2019-cu ildəki etirazlar zamanı ortaya çıxan bir partiya quruluşu olan İmtidad Hərəkatı ilə ittifaqdan çıxdığını elan edib. Bu partiyadan olan mənbələr, İmtidad Hərəkatının daxili ixtilaflara görə adi qurultay keçirə bilmədiyini və nizamnaməsində bu cür inzibati vəziyyətlərə toxunulmadığını bildirərək onları tərk ediblər.
İraq Ali Seçki Komissiyası indiyədək əyalət şurası seçkilərində yarışacaq təxminən 294 partiya və 31 ittifaqın siyahısını qeydə alıb. Maraqlıdır ki, bu rəqəm 2013-cü ildə keçirilən son seçkilərdəkindən xeyli çoxdur.
İraqda əyalət şuraları Bağdadla məsləhətləşməyə ehtiyac olmadan qubernatorları və əyalət idarəçilərini seçə və yerli layihələrə nəzarət edə bilər.
Şiə partiyalardan verilən məlumata görə, partiya üzvləri Koordinasiya Çərçivəsi adından mandat qazanmaq üçün Bağdadın cənubundan Bəsrəyə qədər uzanan namizədlər siyahısı yaratmağa çalışırlar. Mənbələrdən biri bildirib ki, məsələn, əsas şiə partiyaları Ənbarda yer qazanmaq və orada müxalifət qüvvələri kimi öz yerlərini tutmaq istəyirlər.
İraq Kommunist Partiyasının yüksək səlahiyyətli adlarından olan Yasir əs-Səlam Qəyyumlar Koalisiyasının İraqda Qanun Dövləti Koalisiyasından sonra ikinci ən böyük koalisiya olduğunu və 15 vilayətdə namizədlərlə seçki yarışına qatılacağını söyləyib.