Özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondama separatçı rejim Ermənistanda aktivləşməyə başlayıb. Keçmiş separatçı lider Samvel Şahramanyan Fransanın, Rusiyanın, ABŞ-ın Ermənistandakı səfirləri ilə görüşüb. Proseslərin gedişi göstərir ki, Paşinyan hakimiyyəti də onların fəaliyyəti üçün şəraiti təmin edir. Bu proses nədən qaynaqlanır?
Millət vəkili Elşad Mirbəşir hafta.az-a bildirib ki, Ermənistanda separatçıların yenidən aktivləşməsi Cənubi Qafqaz üçün gələcək təhlükələrdən xəbər verir:
“Ermənistan 2020-ci il 44 günlük savaşdan ötən zaman ərzində müxtəlif bəhanələrlə sülh sazişinin imzalvnmasını ləngitməyə çalışır. Ermənistanın Avropadakı dəstəkçiləri də məhz bu mövqedən çıxış edir, erməniləri Azərbaycana qarşı revanşa həvəsləndirirlər”.
E.Mirbəşir separatçılığın canlanmasının Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan yayınmasının növbəti davamı hesab edir.
“Ermənistan necə ki, Azərbaycanın ərazi bütövlüyünü sənəd üzərində tanımayıb, rəsmi qaydada ərazi iddialarından imtina etməyib, deməli separatizmdən də əl çəkmək fikrində deyil. Bu gün ermənilər guya Azərbaycanın Ermənistanın hansısa kəndlərini nəzarət altında saxladığını iddia edirlər. Bunlar sülh sazişini imzalamadan yayınmaq üçün növbəti cəhdlərdir. Fransa kimi dövlətlər onları buna həvəsləndirir. Fransa müdafiə nazirinin Ermənistana səfəri, hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın qurulması, Ermənistanın silahlandırılması halları gələcəkdə Cənubi Qafqaz regionunda gərginliyin yaradılması cəhdlərindən xəbər verir”.
E.Mirbəşir ermənilərin separatçı niyyətlərini hər bir hərəkətdə açıq nümayiş etdirdiyini bildirib və faktlara diqqət çəkib.
“Hələ 1988-ci ildə Azərbaycan ərazisində olan erməni separatçılar, həmin dövrdə Azərbaycan və Ermənistan Ali Sovetlərinə müraciət edərək, həmin dövrdə mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini istəmişdilər. Elə həmin dövrdə də “miatsum” hərəkatının əsası qoyulmuşdu. 2024-cü il fevral ayının 20-də, bu dəfə İrəvanda “miatsum” hərəkatının 36-cı ilini qeyd etdilər. Yenə də separatçı şüarlar, Azərbaycana qarşı əsassız iddialar səsləndirdilər. Belə bir aksiyanın keçirilməsi hakim dairələrin iradəsindən kənar baş verə bilməzdi. Aksiya iştirakçıları “miatsum”u davam etdirəcəklərini bildirdilər. Bu dəfə bu utopiyanı Azərbaycan ərazilərindən kənarda səsləndirməkdədirlər".
Deputat bəyan edib ki, Ermənistan Azərbaycanın iradəsi ilə formalaşan reallıqları qəbul etməyə məcburdur. Bilməlidir ki, istənilən revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.
“Separatçılıq erməni təfəkkürünün göstəricisidir. Bu gün Ermənistanda separatçılıq meyilləri qalsa da, heç bir nəticəsi olmayacaq. Azərbaycan ərazisində separatizmə heç vaxt yer olmayacaq. Ermənistan bunu dərk etməlidir”.
Politoloq Natiq Miri hesab edir ki, istənilən ölkələrdə separatçı qruplar və onları xaricdən maliyyələşdirmək istəyən qüvvələr var. Əsas odur ki, Azərbaycan separatizmin belini qıraraq ölkədən çıxarıb. Bu, Azərbaycan üçün təhlükə deyil. Bu ünsürlər indi Paşinyan hökumətinin başağrısına çevriləcək.
N.Miri qeyd edib ki, separatçı ünsürlərin aktivləşməsi keçmiş hakimiyyətdə olan Qarabağ klanı ilə əlaqədardır. Onların təmaslarını Köçəryanın dönəmində xarici işlər naziri işləmiş, hazırda fiziki imkanı məhdud olan Oskanyan təşkil edir.
“Eləcə də xaricdəki erməni diasporası, regionda təsirlərini saxlamaq üçün yenidən separatizmin çiçəklənməsinə rəvac vermək istəyən xarici amillər bu prosesi yenidən dirçəltməkdə maraqlıdır. Rusiya kimi ölkələr Ermənistanda olan 10 minlərlə narazı elektoratı Paşinyan hökumətinə qarşı qaldırmaq üçün bu rejimdən istifadə etmək istəyir. Separatçı rejimin başında duran ünsürlər bu yöndə fəaliyyət göstərməklə həm maliyyə qazanır, həm də ümudlənirlər ki, Qarabağda rejimi xortlarmaq üçün imkan qazanacaqlar”.
Politoloq separatçı rejimin yenidən dirçəlmə cəhdlərini əbəs sayıb.
“Bu rejim özünü təkcə Qarabağda deyil, Ermənistanda da tükədib. Qarabağ erməniləri separatçıların 30 il müddətində bölgədə heç bir iş görmədiyini, dağıntılar törətdiklərini, özlərinin də separatçılığa dəstək olduğunu yaxşı anlayırlar. Ona görə də, separatçılarla bərabər ərazini tərk edən ermənilərin Qarabağa qayıtması da ağlabatan deyil”.
Bütün bunlarla yanaşı N. Miri hesab edir ki, separatçı rejimin dirçəlməsi cəhdlərini yerindəcə boğmaq lazımdır.
Siyasi ekspert Vüqar Dadaşov hafta.az-a bildirib ki, özünü buraxan rejimin dirçəlməsi ilə bağlı xəbərlər əslində reallıqla uzlaşmır.
“Təkcə Samvel Şahramanyan separatçı rejim demək deyil. Keçmişdə Şahramanyanın tabeliyində olan vəzifəli şəxslər belə onu qəbul etmir və qeyri-ciddi hesab edirlər. Hətta keçmiş liderlər arasında düşmənçilik səviyyəsində açıq qarşıdurma var. Samvel Babayanla Şahramanyan arasındakı konflikt buna misaldır. Keçmiş qondarma separtçıların bir araya gəlməsi və vahid komanda şəklində fəaliyyəti mümkünsüzdür”.
Ekspert hesab edir ki, separatçıların dirçəlməsində siyasi nəticələrinə görə Paşinyan hakimiyəyinin marağı ola bilməz. Onun fikrincə, separatçıların dirçələməsi Ermənistandan qaynaqlanan daxili məsələ deyil.
“Fransa Qafqazda özünün mövcudluğunu təmin etmək üçün prosesin canlanmasında daha çox maraqlıdır. Ancaq, Qarabağdakı keçmiş qondarma rejim ümumiyyətlə Rusiyaya bağlı qüvvə olduğundan separatçıların fransızlarla dayanaqlı birliyi uzun sürə bilməz. İran separatçı rejimin dirçəlməsində maraqlı olsa da, onlara real təsir imkanları yoxdur.
Separatçıların Rusiyaya inamı və etibarı çox aşağıdır. Üstəlik separatçıların Rusiya ilə iş birliyi həm Paşinyan hakimiyyətinin, həm Qərbin, əsasən də Fransa və ABŞ - ın plan və siyasətinə uyğun deyil. Hazırkı Ermənistan və Rusiya münasibətləri fonunda separatçıların Rusiyadan məsafə saxlamaması onların özləri üçün çox təhlükəlidir”.
V.Dadaşov bildirib ki, ABŞ-da prezident seçkiləri, Ukrayna-Rusiya müharibəsinin arzuolunmaz istiqamətdə inkişafı ərəfəsində Vaşinqtonun Qarabağdan keçmiş separatçı rejimə marağı ciddi ola bilməz.
“Azərbaycan və Türkiyə ilə münasibət, ABŞ-ın regionda maraqları üçün prioritetdir. Martın 8-də də ABŞ dövlət katibi Blinkenin və Türkiyənin XİN başçısı Fidanın görüşündən sonra “Cənubi Qafqaz məsələsində ABŞ və Türkiyə Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər”, – deyə bəyanatla çıxış ediblər.
Ekspert hesab edir ki, maraqlı ölkələr separatçılarlardan öz siyasi məqsədləri üçün ustifadə etməyə cəhd etsə də, separatçılarla bağlı planların baş tutması qeyri-realdır.
“Çünki separatçı rejimin heç bir potensialı yoxdur. Ən əsası isə, Qaradağdan çıxan ermənilər bütünlüklə separtçılara inanmır, Qarabağ mövzusunun bağlandığını düşünür və anlayırlar. İnsan və vətəndaş kimi, talelərini heç Ermənistanla da bağlamaq istəmirlər. Qarabağdan köçən ermənilərin 20 faizə yaxını artıq Ermənistanı tərk edib. Odur ki, Samvel Şahmaryanın təhrik edildiyi “dirçəlmə” cəhdləri iflasa məhkumdur.
Digər vacib məqam budur ki, əgər Samvel Şahramanyan anti-Azərbaycan və separatçı fəaliyyətini davam etdirərsə, Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb oluna bilər. Samvel Şahramanyan Azərbaycan vətəndaşıdır və beynəlxalq hüquqa görə Azərbaycanın suveren ərazisində cinayət törədib. Onun həbs edilərək Azərbaycana ekstradisiyası tam realdır. Yəqin ki, Şahramanyan kimilər bunu yaxşı anlayır”.
Politoloq Tofiq Abbasov bildirir ki, separatçı rejimin Ermənistanda yetişdirilməsi, süni surətdə ortaya atılması dünya erməniliyinin və millətçi, ksenafob, radikal qüvvələrin birgə səyləri nəticəsində baş verir. Onun sözlərinə görə, bu qüvvələr hələ 80-ci illərdə separatçı rejimi yetişdirməklə elə düşünürdülər ki, Azərbaycan üçün problem yaratmaqla, bütün dünyada saxta təbliğatlar aparıb özlərinə ciddi dayaqlar yarada biləcəklər.
“Azərbaycan o dövrdə bu cür məkirli planlara qarşı hazırlıqsız idi. Hələ 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra demişdi ki, vaxt bizim xeyrimizə işləyir. Ulu Öndər Azərbaycanın Ermənistana qarşı kompromis addım ataraq hətta enerji xətlərindən birinin bu ölkənin üzərindən keçməsini təklif etdiyini, amma ermənilərin öz xeyirlərindən yan keçdiyini təəssüflə bildirmişdi. Çünki ermənilər düşünürdülər ki, I Qrabağ müharibəsində qazandılqları üstünlük onlar üçün əbədi qalacaq. Amma yanılırdılar”.
T.Abbasov bu gün bumeranq effekti deyilən bir hərəkətin Ermənistn üzərində öz təsirini göstərdiyini bildirib. O, hesab edir ki, indi də Ermənistanın inqubatorda yetişdirdiyi separatçı rejim özünə qarşı işləyir.
“Bu rejim Ermənistanın başağrısı olacaq. Yaddan çıxarmayaq ki, Ermənistanda separatçı rejimin qalıqları siyasi alverlə məşğuldurlar. Onların adından pullar silinir, iyrənc işlərdə iştirak edirlər. Ondan qurtulmağın ən yaxşı yolu ya cinayətkarların hamısını həbs edib cəmiyyətdən təcrid etmək, ya da dağıtmaqdır”.
Politoloq yenidən baş qaldıran separatçı rejimin Azərbaycan üçün çox da riskli olmadığını deyir.
“Fransa, Hindistan bu vəziyyətdən yararlanmağa çalışır. Ancaq Azərbaycan özünü etibarlı müdafiə edir, həm də dünyada elə bir mövqedədir ki, bizi dinləyirlər, hesablaşırlar. COP29-un Azərbaycanda keçirilməsi buna misaldır. Bu prosesdə bizim üçün risklər cüzidir. Ərazilərimizə tam nəzarəti bərpa etmişik. Səkkiz kəndin aqibətini də tez bir zamanda xeyrimizə həll edəcəyik. Ona görə separatçı rejimi dirçəldən Ermənistan özünə bəla yaradır”.