İşləmək üçün Tulaya gedən mühacirlərə pis xəbər: İşə götürülməyəcəklər

10:45 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvanın cənubundakı Tula vilayətinin administrasiyası bir sıra biznes sahələrində mühacirlərin işə götürülməsini qadağan edib. Qadağan olunmuş müəssisələrə ictimai nəqliyyat, taksilər, qida və içki sahələri daxildir.

Hafta.az-ın yazdığına görə, mövzu ilə bağlı fərman qubernator Aleksey Dyuminin imzası ilə yerli hökumətin saytında dərc edilib. Sənədə əsasən, qadağa 2024-cü ildən qüvvədə olacaq.

İmmiqrantlar həmçinin pərakəndə alkoqol, tütün və içki ticarətində işlə təmin oluna bilməyəcəklər.

Rusiyada Çelyabinsk, Tümen, Xantı-Mansi və Kaluqa əyalətləri əvvəllər mühacirlərin işinə müxtəlif həddə məhdudiyyətlər qoyublar.

Oktyabrda Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsi əcnəbilərə təhsil, səhiyyə, aptek və taksi biznesində işləməyi qadağan edir.