İsrail işğal altındakı İordan çayının qərb sahilindəki Hebron şəhərindəki İbrahim məscidini yəhudi bayramını əsas gətirərək bağlayıb.
Hafta.az-ın Fələstin İnformasiya Mərkəzinin xəbərinə istinadən yazdığına görə, Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn İsrail qüvvələrinin yəhudilərin bayramını əsas gətirərək, İbrahim məscidini müsəlmanların üzünə bağlamasını pisləyib.
Mövzu ilə bağlı dünən verdiyi açıqlamada Hüseyn İbrahim məscidinin müsəlmanların üzünə bağlanmasının azan oxunmasına mane olduğunu, yəhudilərin isə istədikləri kimi ayinlərini icra etmələrinə icazə verildiyini bildirib.
Tövhid dinlərinin ibadət yerlərinə toxunmağı qadağan etdiyini deyən Hüseyn, İsrailin bu həqiqəti görməməzlikdən gəldiyini bildirib.
Müsəlmanların ibadət yerlərinə çatmasına mane olan pozuntulara son qoyulmalı olduğunu ifadə edən Hüseyn, İsrailin İbrahim məscidini bağlamasının səbəblərinin qəbuledilməz olduğunu deyib.
Xatırladaq ki, İsrail qüvvələri çərşənbə axşamı günündən etibarən İbrahim məscidini bir gün bağlı saxlasa da, yəhudilərin bayramını əsas gətirərək məscidi yəhudi köçkünlərin üzünə açıb.
İbrahim məscidinin direktoru Hassan ər-Rəcəbi İsrail qüvvələrinin yəhudilərin bayramlarında fələstinlilərin məscidə getməsinə icazə vermədiyini və qapılarını bağladığını, məscidə gedən yollara barrikadalar qurduğunu, məsciddə azan oxunmasına mane olduğunu bildirib.
İsrail qüvvələrinin yəhudilərin bayramlarını bəhanə edərək hər il ümumilikdə 10 gün İbrahim məscidini müsəlmanların üzünə tamamilə bağladığı, yeni məskunlaşan yəhudiləri qorumaq üçün məscidin ətrafında geniş təhlükəsizlik tədbirləri gördüyü qeyd edilib.