"Italiya Avropanın mühüm dövlətlərindəndir. Azərbaycanla da xüsusi münasibətlərə malikdir. Ona görə dövlət başçısın Italiya ilə çoxtərəfli münasibətlərin xarakterinə vurğu etməsi təbiidir".
Bunu hafta.az-a Prezident İlham Əliyevin xüsusi qonaq kimi dəvət olunduğu forumun əhəmiyyəti və çıxışında diqqət çəkdiyi məsələlərlə münasibət bildirən siyasi şərhçi Azər Hüseynov deyib.
Dövlət başçısının Azərbaycan-İtaliya əlaqələri -siyasi, iqtisadi, elm və təhsil, mədəniyyət sahələrində iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı ilə bağlı fikirlərinin xüsusi əhəmiyyətini qeyd edən A.Hüseynov burada gələcək perspektivə hesablanmış nüansları önə çəkib.
"İtaliya ilə təhsil əlaqələrinin güclənməsi təhsil sistemimizin Avrointeqrasiyası məqsədi daşıya bilər. İqtisadi əlaqələrə gəldikdə Italiya bizim ciddi iqtisadi tərəfdaşlardandır. Azərbaycan da Italiya ilə sıx əlaqələrlə antiAzərbaycan dairələrinin təsirini zəiflədə bilər. Çünki Avropanın Fransa kimi ölkələrində ermənipərəst əhvalı güclüdür. Buna görə də Italiya ilə əlaqələrin dərinləşdirilməsi əslində yaxşıdır. Sadəcə iş artıq müvafiq qurumların üzərinə düşür. Dövlət başçısı konseptual istiqamətlər verir. Detallarda təhsil və iqtisadiyyatı kurasiya edənlər ciddi mexanizm qurmalıdırlar".