İtaliyada çöl keçilərinə yeni sahib axtarılır

10:00 14.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyada sayları durmadan artan çöl keçilərinə pulsuz sahib olmaq üçün verilən elana çox sayda namizəd səs verib.

Hafta.az-ın “The  Guardian”a istinadən yazdığına görə, Siciliyanın şimalında yerləşən Alikudi, vəhşi keçilərin sayının artması səbəbindən heyvanlara baxım üçün keçən ay kampaniya başlatmışdı. Təxminən 100 nəfərin yaşadığı adada çöl keçilərinin sayı 600-ə çatıb.

Alikudi Bələdiyyə Başçısı Rikkardo Qulo Avropanın müxtəlif ölkələrindən, ABŞ-dan və hətta Nigeriyadan keçilərə sahib olmaq üçün müraciətlər aldıqlarını bildirib.

Qulo keçilərlə bağlı ümumilikdə 1900 müraciət aldıqlarını və onların əksəriyyətini geri çevirməli olacaqlarını bildirib.

Bundan əlavə, yamacları və qayalı əraziləri çox olan 5 kvadratkilometrlik adada keçilərin necə tutulacağı başqa mövzudur.

Keçilərin tutulması və adadan daşınması Siciliya regional şurasının kənd inkişafı üzrə direktoru Covanni Dell'Akquaya həvalə edilib.

Dell'Akqua “The Guardian”a "Təsəvvür edə bildiyiniz kimi, bu, asan bir iş olmayacaq. Ancaq tez və effektiv hərəkət etməliyik" deyib.

Təxminən 120 kiloqramlıq keçilərin 50 santimetr uzunluğunda buynuzları olduğunu bildirən səlahiyyətli, "Ada sakinləri bu vəziyyətdən qorxurlar" deyib.

Dell'Akqua bildirib ki, bir qrup vəhşi təbiət mütəxəssisi gələn həftə adaya gedəcək və keçiləri tutmaq üçün plan hazırlayacaq.

Tutulduqdan sonra keçilər xəstəliyin olub olmadığını yoxlamaq üçün qan testindən keçiriləcək. Bundan sonra heyvanlar gəmi ilə Siciliyaya göndəriləcək və orada iki ay karantində saxlanılacaq.

Səlahiyyətlilər keçilərin əksəriyyətini iyunun ortalarına qədər, turizm mövsümü başlayanda tutmağı planlaşdırır. Sentyabrda yenidən adaya gedib yerdə qalan keçiləri almağı planlaşdırırlar.

“Siciliyadakı regional şura çöl keçilərinin yeni sahiblərini müəyyənləşdirəcək. Heyvanlar onlara qulluq edə biləcək fermerlərə göndəriləcək”, - Dell'Akqua bildirib.