ABŞ-da avtomobil işçiləri tətillərini genişləndirərkən, ölkənin sənaye nəhənglərindən olan General Motors həftədə 200 milyon dollar ziyana düşəcəklərini bildirib.
Hafta.az-ın yazdığına görə, Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) dünən verdiyi açıqlamada, General Motors-un Texas ştatının Arlington şəhərindəki fabrikində tətilə daha 5 min işçinin qatıldığı açıqlanıb.
Açıqlamada sözügedən zavodda Chevy Tahoe, GMC Yukon və Cadillac Escalade kimi yuxarı seqmentli vasitələrin istehsal edildiyinə diqqət çəkilərək, "şirkətin ən çox gəlir gətirən istehsal müəssisəsinin işdən ayrıldığı" bildirilib.
Beləliklə, UAW-nin sentyabrın 15-də başlatdığı, Ford və Stellantis şirkətləri ilə yanaşı General Motors-u da vuran tətildə iştirak edən işçilərin sayı 45 minə yüksəlib. BBC-nin məlumatına görə, birliyin tarixində ilk dəfə olaraq eyni dövrdə hər üç avtomobil nəhəngində iş dayanması baş verib.
UAW-nin açıqlamasında, “Detroit Üçlüyü” kimi tanınan avtomobil nəhənglərinin bu ilin ilk yarısında cəmi 21 milyard dollar mənfəət əldə etdiyi bildirilib. Həmkarlar ittifaqı bildirib ki, buna baxmayaraq avtomobil şirkətləri işçilərə qazandıqları gəlirdən ədalətli pay verəcək müqavilələri qəbul etmirlər.
General Motors-dan verilən açıqlamada tətilin uzadılmasının “lazımsız və məsuliyyətsiz” olduğu vurğulanıb və bu ifadələr səsləndirilib: “Bu vəziyyət öz dolanışıqlarını fəda edən komanda üzvlərimizə zərər verir və dilerlərimizə, təchizatçılarımıza və insanlara mənfi təsir göstərir. Bizə güvənənlər, artıq bu prosesi bitirməyin vaxtıdır".
Açıqlamada şirkətin tətil başlayandan bəri cəmi 800 milyon dollar itirdiyi, sonrakı dövrdə isə həftədə 200 milyon dollar zərər gözlənildiyi bildirilib.
UAW-nin Ford, General Motors və Stellantis ilə apardığı danışıqlarda təxminən 150 min işçinin yeni müqaviləsi üçün razılıq əldə oluna bilməyib. Bunun ardınca sentyabrın 15-də UAW üzvü olan işçilər tətil etmək qərarına gəliblər.
Bu vaxta qədər həmkarlar ittifaqı tətili genişləndirərək 22 ştatda 8 montaj zavodu və 38 hissə paylama mərkəzini əhatə edib.