ABŞ-da insan nəcisindən hazırlanan dərman satışa çıxarılıb

12:22 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Qida və Dərman İdarəsi (FDA) insan nəcisindən hazırlanan həbin istifadəsinə rəsmən icazə verib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, FDA tərəfindən edilən şərhdə, “Seres Therapeutics” adlı şirkətin istehsal etdiyi dərmanın 18 yaş və yuxarı xəstələrdə istifadəyə icazə verildiyi açıqlanıb.

“Vowst”, clostridium difficile infeksiyasını (CDI) müalicə etmək üçün istifadə olunur.

Bu xəstəlik insan bağırsaqlarında yaşayan “c.difficile” bakteriyalarının törətdiyi və uzun müddətli antibiotik istifadəsi bağırsaq florasının məhvinə səbəb olduqda koloniyalaşan xəstəlikdir.

CDI olan insanlar ölümcül ishal və bağırsaq iltihabı ilə qarşılaşa bilərlər.

“Vowst” isə sağlam insanların nəcisindən istehsal edilən dərmandır və bu bakteriyanın yaratdığı infeksiyanın müalicəsini təmin edə bilir.

İsveçrədə yerləşən Ferring Pharmaceuticals şirkətinin də nəcis transplantasiyası üsulundan istifadə edilərək bu xəstəlik üçün hazırladı “Seresin” adlı həbləri var.

“Oppenheimer” analitik firmasından Mark Braydenbaks “Reuters”ə bildirib ki, dərman çox effektivdir və bazardakı digər alternativləri üstələyir.

FDA-nın açıqlamasında, müalicənin 4 doza olaraq tətbiq edildiyi deyilib. Buna görə xəstə hər gün bir həb qəbul edir.

“TD Cowen” investisiya bankından Cozef Tom bildirib ki, bu müalicə xəstəyə ümumilikdə 20 min dollara başa gələ bilər. Analitik həmçinin qeyd edib ki, “Vowst”dan 2033-cü ilin sonunadək ABŞ-da 750 milyon dollar gəlir götürülməsi gözlənilir.

ABŞ-dakı rəsmi məlumatlara görə, ölkədə hər il təxminən 500 min insana CDI diaqnozu qoyulur və bunlardan 15-30 mini ölümlə nəticələnir.