ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) sağlamlıq xəbərdarlığı yayaraq, bu ilin əvvəlindən Amerika qitəsində iki nəfərin ölümünə səbəb olan Oropuche virusuna yoluxma hallarının artması ilə bağlı həkimləri və ictimai səhiyyə işçilərini məlumatlandırıb.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Oropuche virusu ağcaqanadların dişləməsi ilə yayılır. Xəstəliyin simptomlarına baş ağrısı, qızdırma və əzələ ağrıları daxildir və ağır hallarda meningitə səbəb olur.
CDC bildirir ki, yanvarın 1-dən avqustun 1-dək 8 mindən çox xəstəlik hadisəsi, o cümlədən iki ölüm və hamiləlik zamanı virusun anadan dölə ötürülməsi ilə bağlı beş hadisə qeydə alınıb.
Hazırda sözügedən virus üçün xüsusi müalicə və ya peyvənd yoxdur.
Xəstəliyin qeydə alındığı ölkələr arasında Boliviya, Braziliya, Kolumbiya, Kuba və Perunun olduğunu bildirən CDC, ABŞ və Avropada Kuba və Braziliyadan qayıdan insanlarda səyahətlə bağlı halların aşkar edildiyini bildirdi.
CDC, təsirlənmiş ərazilərdə olan və Oropouche infeksiyasına uyğun simptomları olan səyahətçilərin sınaqdan keçirilməsini tövsiyə etdi.
CDC, ABŞ-da sınaq və nəzarət artdıqca digər ölkələrdə də hadisələrin ortaya çıxacağını gözləyir.