ABŞ-ın Yaxın Şərq siyasəti qəzəbləndirdi: “Amerikalılar heç nə öyrənməyib”

09:37 19.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Qəzza müharibəsindəki mövqeyi Yaxın Şərqdə böyük reaksiyalara səbəb olur.

Hafta.az-ın İndependent Arabia-ya istinadən yazdığına görə, İsrail Həmas-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatına “Dəmir qılınclar” əməliyyatı ilə cavab verib.

Vaşinqton administrasiyası müharibənin ilk günündən Təl-Əviv hökumətinə hərtərəfli dəstək verib. USS Dwight D. Eisenhower və USS Gerald R. Ford təyyarədaşıyan gəmilərindən başqa ABŞ bölgəyə döyüş təyyarələri də göndərib. Bundan əlavə, İsrail ordusunu sursatla da təmin edib.

ABŞ prezidenti Co Bayden də Həmas-ın müharibənin ilk günündəki hücumlarını "şeytani" adlandırıb və İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu bildirib.

ABŞ-ın aparıcı qəzetlərindən olan “New York Times” Vaşinqtonun İsraili dəstəkləməsinin Yaxın Şərqdə böyük əks-səda doğurduğunu yazıb. “Regiondakı bir çox insan İsrailin Həmas-la müharibəsini mühasirəyə alınmış Qəzza ərazisində Amerikanın dəstəklədiyi mülki fələstinlilərin qətliamı kimi görür”.

Qəzetə danışan Misirin keçmiş xarici işlər naziri Nabil Fəhmi ABŞ-ın İsraili dəstəkləmək siyasətinin təsirlərini belə qiymətləndirib: "Ərəb dünyasında hətta Həmas-a dəstək verməyənlər tərəfindən də böyük qəzəb var. Qərb gücləri İsrailə yaşıl işıq yandırır. Müharibə şiddətləndikcə Qərbin də əlləri qana bulaşacaq”.

Səudiyyə Ərəbistanı Kral Səud Universitetindən Xalid Dahil ABŞ-ın Ukrayna müharibəsindəki rəftarı ilə Qəzzadakı münaqişələrə reaksiyası arasındakı fərqə işarə edərək deyib: “Siz Ukraynadakı işğala qarşısınız, fələstinlilərin işğal altında qalmasına isə bir söz demirsiniz. İnsanlar sizin məntiqli və ağıllı olmanızı, müttəfiqlərinizi və qüvvələrinizi inandırmağınızı istəyir”.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutundan Hafsa Haleva ABŞ-ın Qəzzadakı müharibəyə münasibətini “əxlaqsızlıq” adlandırıb.

Qəzzadakı qarşıdurmalardan sonra ABŞ-dakı atmosferi 11 sentyabr hücumlarından sonrakı vəziyyətlə müqayisə edən tədqiqatçı bu cür dəyərləndirmələr edib: “Xəbərlərə 5 dəqiqə baxsanız, görərsiniz ki, içində olduğumuz vəziyyət realdır - 23 il sonra biz tam olaraq eyni vəziyyətdəyik. Amerikalılar hələ də heç nə öyrənməyiblər".

Digər tərəfdən, Bayden dünən Qəzzada ən azı 500 nəfərin öldüyü Əl-Əhli Baptist Xəstəxanasına edilən hücuma görə də fələstinliləri məsuliyyət daşıdığını deyib.

Amma dünyanın bir çox ölkəsində İsrailin xəstəxanaya hücumu ən kəskin formada pislənilir. Livanda fəallar paytaxt Beyrutda ABŞ səfirliyi binası qarşısında nümayiş keçirib. Bundan əlavə, səfirliyin yanındakı binada yanğın baş verib.

Fransa və Böyük Britaniyanın İrandakı səfirliklərinin divarlarına yumurta atılıb.

Türkiyə, İordaniya, İraq, Mərakeş, ABŞ, Tunis, Yəmən və Liviyada da etirazlar keçirilib.