Ağ Ev Türkiyə, Ukrayna və digər qonşu ölkələrlə Ukraynanın taxıl ixracı üçün alternativ yollardan istifadə etmək üçün danışıqlar aparır. Çıxış yolu axtarmağa başlayan ABŞ-ın “Rusiyasız taxıl müqaviləsi”nin arxasınca getdiyi bildirilir.
Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, Vaşinqtonun planı oktyabr ayına qədər Qara dəniz əvəzinə Dunay boyunca ayda dörd milyon ton Ukrayna taxılının ixracını nəzərdə tutur. Rumıniyadakı limanlar da əvvəllər istifadə edildiyi üçün hazırda Qara dəniz dəhlizinə alternativ olaraq masadadır.
Alternativ marşrutlar ABŞ, Ukrayna və Avropa ölkələri tərəfindən Rusiyanın taxıl sazişinə qayıtmayacağı ehtimalı ilə nəzərdən keçirilir. Vaşinqtondakı mənbə WSJ-yə bildirib ki, "Rusiya dünyanın ərzaq tədarükü marşrutlarına hücum etmək qərarına gəlib və biz onu dayandırmayana qədər onları danışıqlar masasına qaytarmaq çətindir".
Türkiyə və BMT eyni vaxtda Rusiyanı taxıl sazişinə qayıtmağa razı salmağa çalışır. Hətta Ərdoğanla Putin arasında bu ayın sonu və ya sentyabrın əvvəlinə planlaşdırılan görüşün əsas bəndlərindən biri taxıl sazişi olacaq.
ABŞ rəsmisi bildirib ki, Vaşinqton Ukrayna limanlarına üzən gəmiləri qorumaq üçün bütün mümkün variantları, o cümlədən hərbi həll yollarını nəzərdən keçirir.