Aksiya iştirakçıları ərazidə tək deyillər – Şair Ramaldanov

10:18 15.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün ermənilərin Laçın yolunun bağlaması ilə bağlı səs-küyü, Azərbaycan tərəfini ittiham etməsi erməni separatçılarının uydurduqları növbəti yalanlardır. Azərbaycan cəmiyyəti – QHT və Ekologiya Nazirliyinin nümayəndələri həmin ərazilərdə monitorinq keçirilməsinə şərait yaradılmadığına etiraz olaraq dinc aksiya keçirir. Bu dinc aksiyadan istifadə edib yolu bağlayanlar məhz Rusiyanın sülhməramlı qüvvələridir.

Bu fikirləri hafta.az-a hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Xankəndi və Ermənistan tərəfindən gələn yolları Rusiya sülhməramlıları bağlayıb. Digər tərəfdən, aksiya iştirakçıları sülhməramlı kontingentin rəhbəri Volkovu əraziyə dəvət ediblər, lakin heç bir cavab yoxdur:

“Proses uzanır və ermənilər bu aksiyadan özlərinin çirkin məqsədləri üçün istifadə edir, vəziyyəti gərginləşdirməkdən ötrü birinci növbədə, informasiya sahəsində düzgün məlumatlar verməyərək Azərbaycanı hədəfə alırlar. Proseslər göstərir ki, aksiyaçılar heç bir aqressiya nümayiş etdirmir və ərazidə ekoloji monitorinq keçirmək tələbini irəli sürürülər. Aksiyaçılar gec-tez öz tələblərini həyata keçirməlidirlər. Azərbaycan cəmiyyəti dəfələrlə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı narahatlığını və narazılığını bildirib. Bu aksiya Azərbaycanın bütün təbəqələri tərəfindən dəstəklənir və ora hələ də dəstək karvanları getməkdədir. Düşünürəm, bu aksiyaları keçirməyə Azərbaycan tərəfinin həm hüquqi, həm mənəvi haqqı var. Vəziyyətin kulminasiya nöqtəsinə gəlməsinə səbəb Azərbaycan tərəfinin sülhməramlıların rəhbərləri ilə danışaraq, ərazidə yeraltı sərvətlərin qeyri-qanuni istismarına dair monitorinqin aparılmasına razılıq alması, amma buna şəraitin yaradılmamasıdır. Ona görə də artıq 2 ildən sonra Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi əraziyə nəzarətini gücləndirmək və orada Azərbaycan dövlətinin maraqlarına zidd olan addımlara yol verməməkdir. Düşünürəm ki, bu monitorinqlər nəinki Ekologiya Nazirliyi tərəfindən, Azərbaycanın bütün  qurumları tərəfindən həyata keçirilməli və bütün ərazilərimizdə nəzarət gücləndirilməlidir.  Rusiya sülhməramlıları etiraz aksiyaları ilə bağlı Azərbaycan tərəfinə heç bir xəbərdarlıq verə bilməz. Aksiyanın heç bir aqressiv məqsədi yoxdur, çox dinc şəkildə keçirilir və tələbləri ağır deyil. Ona görə də yerinə yetirilməlidir. Monitorinq qrupunun ərazidə ekoloji monitorinqin keçirilməsinə icazə verilərsə, bunu aksiyanın qarşıya qoyduğu məqsədə nail olması kimi də qəbul etmək olar.

Burada  hansısa güc tətbiqinin olacağını düşünmürəm. Bizim aksiya iştirakçılarımız da ərazidə tək deyillər. Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün prosesə nəzarət edirlər. Bütün hallarda Azərbaycan Ordusu oradadır və aksiyaçıların təhlükəsizliyi təmin olunacaqdır. Orada Azərbaycanın maraqlarına uyğun olmayan təhlükə olacaqsa, Azərbaycan Ordusunu öz qarşısında görəcək”.