Almaniya Ukraynaya 500 kilometr mənzilli raketlər göndərir

11:00 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Berlin Ukraynaya 500 kilometr mənzilli “Taurus” raketlərinin tədarükü məsələsini nəzərdən keçirir.

Hafta.az-ın “T-online” portalına istinadən yazdığına görə, Almaniya hökuməti yaxın vaxtlarda Ukraynaya 500 kilometrlik uzaqmənzilli “Taurus” raketlərinin tədarükünə başlaya bilər. Xəbərə görə, Kiyevin xahişindən sonra çatdırılma ölkənin Hərbi Hava Qüvvələri tərəfindən təsdiqlənib və bir həftə əvvəl hökumət Müdafiə Nazirliyindən bu raketlərlə bağlı stok məlumatı istəyib.

Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann xəbəri təsdiqləyərək deyib: “Bizim kifayət qədər “Taurus”umuz var, raketlərin əksəriyyəti istifadəyə hazırdır, onları Ukraynaya çatdırmağın vaxtıdır”.

“T-online”nın yazdığına görə, bu addım ABŞ-ın Ukraynanı 300 kilometr mənzilli ATACMS raketləri ilə təchiz etməyə yol aça bilər, çünki Berlin öz uzaqmənzilli silahlarını yalnız Vaşinqtonla koordinasiyada Kiyevə göndərməyə hazır olduğunu bəyan edib.

Mayın sonunda Ukraynanın Almaniyadan “Taurus” raketləri istəməsi barədə məlumat yayılmışdı. “Der Spiegel” yazır ki, Almaniya 10 il əvvəl təxminən 600 “Taurus” alıb və onlardan yalnız 150-si hazırda hərbi istifadədədir.